Azərbaycan neftinin qiyməti artıb

12:31 - 13 Yanvar 2022 - İQTİSADİYYAT

Brent markalı neftin qiyməti noyabrın 10-dan bəri ilk dəfə bir barrel üçün 85 dolları ötüb.

Ucnoqta.az xəbər verir ki, yanacağa tələbatın azalması perspektivləri ilə bağlı narahatlıqların azaldılması fonunda əmtəə qiymətləri yenidən yüksəlir. Qiymət artımında ABŞ-ın neft ehtiyatlarının 2018-ci ildən bəri minimuma enməsinin rolu olub. ABŞ Energetika Nazirliyi ölkədəki kommersiya neft ehtiyatlarının yanvarın 7-də bitən həftədə 4,6 milyon barrel azalaraq 413,3 milyon barrelə düşdüyünü bildirib.

Ekspertlər ehtiyatların gündə 1,9 milyon barrel azalacağını ehtimal edirlər. Bundan başqa, qiymətlərinin artım dinamikasına dünya birjalarında müsbət əhval-ruhiyyə, dolların zəifləməsi, həmçinin OPEC+-ın alyansın müəyyən edilmiş planına uyğun olaraq hasilatı tam artıra bilməməsi kömək edir.

Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol çərşənbə günü bildirib ki, omikronun ortaya çıxmasına baxmayaraq, xammala olan tələb çoxlarının gözlədiyindən daha güclü olub, eyni zamanda ən böyük istehsalçı ölkələrdən bəzilərində istehsalda fasilələr tədarükün azalmasına səbəb olub. Ümumiyyətlə, qlobal iqtisadiyyatın bərpası, artım yanacağa olan tələbata müsbət təsir edir.

Bu gün saat 12:31-ə olan məlumata görə, dünya bazarında Brent markalı neftinin bir barelinin qiyməti 84,68 dollar olub.

Dünya bazarında baş verən qiymət artımı Azərbaycan neftindən də yan keçməyib. Azərbaycan neftinin 1 barrelə olan qiyməti 1,57 ABŞ dolları və ya 1,81% artıb 88,45 dollar təşkil edib.

Xatırladaq ki, Azərbaycan neftinin bir barrelinin ötən il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınmışdı.

Könül

Xəbər xətti