"Laçın dəhlizini nəzarətə götürmək lazımdır" - Politoloq

13:19 - 23 Dekabr 2021 - Müsahibə

"Azərbaycan prezidenti ötən həftə Brüsseldə demişdi ki, Zəngəzurda dəhliz olmayacaqsa, Laçında da olmayacaq və Azərbaycan sərhəd, gömrük xidməti sərhədin Laçın istiqamətində yerləşəcək. Bu gün də xəbər yayılıb ki, Fransa prezidentliyinə namizəd Valeri Pekres Laçın dəhlizi üzərindən Qarabağa qanunsuz səfər edib".

Ucnoqta.az xəbər verir ki, bunu "Atlas Araşdırmalar Mərkəzi"nin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Politoloqun sözlərinə görə, rusiyalı hərbçilər Laçın dəhlizindən kimi gəldi buraxırlar, veclərinə də deyil:
"Əlbəttə, Azərbaycan Xarici İşlər Nazirliyi Valeri Pekresi arzuolunmaz şəxs elan edə bilər. Ancaq bu çıxış yolu deyil. Laçın dəhlizini nəzarətə götürmək lazımdır ki, Valeri Pekres kimi şəxslər Azərbaycanın icazəsi almadan ərazimizə daxil olub erməni separatçıları görüşə bilməsinlər. Əks halda Laçın dəhlizi başımızı hələ çox ağrıdacaq.
Fransa prezidentliyinə namizədin ardınca amerikalı konqresmenlər, rusiyalı deputatlar və daha kimlər Azərbaycana qanunsuz daxil olacaqlar. Elə ermənilərin də məqsədi odur ki, Azərbaycan Xarici İşlər Nazirliyinin “qara dəftərindəki” isimlərin sayı artsın və bununla müxtəli dövlətlər münasibətlərdə gərginliklər yaşayaq".

"Birdən həmin o Pekres Fransa prezidenti seçildi, rəsmi Bakı onun legitimliyini tanımayacaqmı və Fransa ilə münasibətlərə son qoyacaqmı? Elə ermənilər də bunu arzulayır. Odur ki, bizim bir nömrəli vəzifəmiz Laçın dəhlizini nəzarətə almaq olmalıdır və bu kommunikasiya xətlərinin açılmasından əvvəl baş verməlidir" - Elxan Şahinoğlu qeyd edib.

Emin

Xəbər xətti