Bu gün Türkiyə lirəsinin ABŞ dollarına qarşı məzənnəsi bir qədər də azalaraq 13,89 lirəyə enib və Bakı vaxtı ilə 14:39-da 1 dollar/13,65 lirə səviyyəsində stabilləşib.
"APA-Economics"in məlumatına görə, ilin əvvəlindən lirənin dollara qarşı məzənnəsi 70% azalıb və bu, valyutalar arasında ən kəskin enişlərdən biri sayılır.
Ötən gün Türkiyə Mərkəzi Bankı (TMB) bazara müdaxilə edərək son 7 il ərzində ilk dəfə olaraq rəsmi ehtiyatlarından təxminən 1 mlrd. dollar vəsaiti lirənin məzənnəsinin stabilləşməsinə "xərcləyib". Nəticə olaraq müdaxilənin gözəçarpan fərqi hiss olunmayıb. Belə ki, lirə bu gün də ucuzlaşıb.
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi bildirir ki, TMB-nin monetar siyasəti vaxtından əvvəl yumşaldılması və 2023-cü il prezident seçkiləri ərəfəsində faiz dərəcələrinin və əlavə iqtisadi stimulların bir qədər də azaldılması türk lirəsinin kəskin ucuzlaşmasına gətirib çıxarır. Agentliyə görə, hazırda sözügedən amillər gündaxili volatillik və artan inflyasiyada əks olunur.
Xatırladaq ki, geniş tənqidlərə, monetar siyasətin istiqamətinin dəyişilməsi və uçot dərəcəsinin yüksəldilməsi istəklərinə baxmayaraq, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan faiz azalmalarını müdafiə edib və "iqtisadi müstəqillik müharibəsində" qalib gələcəyinə söz verib.