Bakı Uşaq və Gənclər Teatrı Zəfər Günü münasibətilə tamaşa nümayiş etdirib

17:35 - 10 Noyabr 2021 - Mədəniyyət

Bakı Uşaq və Gənclər Teatrı Zəfər Günü münasibətilə iki rayonda rəsmilərin, şəhid ailələri və qazilərin iştirakı ilə “Cənnətə bilet” tamaşasını nümayiş etdirib.

Ucnoqta.az xəbər verir ki, tamaşanın ilk premyerası Suraxanı rayonunda keçirilib. Tamaşada Suraxanı Rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov, millət vəkili Etibar Əliyev, Yeni Azərbaycan Partiyasının Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, rayon ictimaiyyəti, şəhid ailələri və qazilər iştirak edib.

Daha sonra tamaşa Sabunçu rayonunda nümayiş olunub. Tamaşadan əvvəl Sabunçu Rayon icra Hakimiyyətinin ictimai siyasi və humanitar şöbəsinin müdiri Ədalət Teymurov, millət vəkilləri Rauf Əliyev və Vüqar iskəndərov çıxış edib. Tamaşanın müəllif və rejissoru İlhamə Əhmədovadır. Tamaşa torpaqlarımızın azadlığı uğrunda öz canından, qanından keçən qəhrəman oğullarımıza, şəhidlərimizə ithaf olunub.

II Qarabağ müharibəsində baş vermiş hadisələrdən qaynaqlanıb. Ailəsinin qürurla döyüşə yola saldığı qəhrəmanımız üçün keçirdikləri narahatlıq tamaşada öz əksini tapıb. Şəhid qəhrəmanın 2 övladı öz babalarından atalarının cənnətdə olduğunu eşidirlər. Amma uşaq təfəkkürləri ilə "bilet alaraq cənnətə gedib" ataları ilə görüşməyin mümkünlüyünü düşünürlər. Bunun üçün atalarının yanına getməyə bilet almaq üçün pul yığırlar. Bir ailənin timsalında hər birimizin qələbə üçün keçirdiyimiz sevinc, müharibədəki şəhid olan oğulllarımızçün keçirdiyimiz qürur dolu kədər öz əksini tapıb.

Tamaşada həyat reallıqlarından, dövlət başçısının həmin günlərdə televiziya vasitəsi ilə xalqa müraciətlərindən və qələbə müjdəli çıxışlarından istifadə olunmuşdur. Rəssam Sevda Məmmədova, musiqi tərtibatı Rauf Huseynli, rollarda baba - Mehman Piriyev, nənə - Flora Hüseynova, şəhid - Qurban Əhmədov (II Qarabağ müharibəsi iştirakçısı), gəlin - Gülnar Əlizadə, uşaqlar - Rəhimə Abdinova və Əli Babayev.


Xəbər xətti