"Gələn il də azad olunmuş ərazilərin bərpası əsas prioritet olacaq"
11:34 - 10 Noyabr 2021 - ÖLKƏ İÇİ
“Gələn ilin dövlət büdcəsi xərcləri müstəqillik tarixində indiyə qədər ən böyük xərclər olan büdcədir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, cari ildə olduğu kimi 2022-ci ildə işğaldan azad olunmuş ərazilərin bərpası əsas prioritet olaraq qalmaqdadır: “Bu gün Azərbaycan xalqı Vətən müharibəsində qazanılan zəfəri qeyd edir. Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Azərbaycan ordusunun bizə bəxş etdiyi bu zəfərdən sonra işğaldan azad olunmuş ərazilərdə sürətli inkişaf və bərpa dövrü başlanıb. İşğaldan azad olunmuş ərazilərin tarixi simalarının qaytarılması, mədəni tarixi abidələrin bərpası, elektrik, su yol xətlərinin çəkilməsi ilə bağlı başlanılan işlər böyük sürətlə davam etməkdədir. Bərpa prosesi sürətli və əzəmətlidir. Dövlət başçısının tapşırığından irəli gələn bu ümdə vəzifələrin növbəti ildə də davam etdirilməsi üçün 2,2 milyard vəsait ayrılması nəzərdə tutulub
Qeyd edək ki, 2022-ci il üçün dövlət büdcəsinin gəlirləri 26816,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1389,0 milyon manat və yaxud 5,5 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə 2134,3 milyon manat və yaxud 8,6 faiz çox, 2021-ci ilin gözlənilən icra göstəricisi ilə müqayisədə isə 170,0 milyon manat və yaxud 0,6 faiz azdır.
Dövlət büdcəsinin xərcləri 29879,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2021-ci ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1336,0 milyon manat və ya 4,7 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə isə 3462,7 milyon manat və yaxud 13,1 faiz çoxdur.