Noyabrın 7-də Şuşada VIII Qlobal Forum çərçivəsində sonuncu panel öz işinə başlayıb.
Ucnoqta.az xəbər verir ki, “Mədəniyyətin dəyəri” adlı paneldə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Serageldin mədəni irsin iqtisadi baxımdan dəyəri haqqında mühazirə ilə çıxış edib.
O, bildirib ki, ətraf mühitin və biomüxtəlifliyin qorunması kimi, mədəni irsin bərpası və qorunmasına qoyulan sərmayələr də böyük dəyərə malikdir.
Qeyd edək ki, 4-6 noyabr tarixində Bakıda “COVİD-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu keçirilib.
Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak ediblər.
Bu gün isə VIII Qlobal Bakı Forumunun bir qrup iştirakçısından ibarət nümayəndə heyəti Şuşaya səfər edib.