Azərbaycanda vahid məktəbli geyimi dəyişdirilir? - VİDEO

10:21 - 19 Oktyabr 2021 - Cəmiyyət

Bakı Tekstil Fabriki MMC yeni məktəbli formaları hazırlayıb. Yüngül, rahat və isti olan bu formalardan, hələ ki, ölkəmizdə litseylərdə təhsil alan və regionlarda olan bəzi məktəblərin şagirdləri istifadə edə bilirlər. İndi isə sözügedən müəssisə Nazirlər Kabineti və Təhsil Nazirliyinə təkliflər göndərib. Müsbət cavab alınarsa, Bakıda yerləşən dövlət məktəblərində təhsil alan şagirdləri də yeni geyimlər bəzəyəcək.

Ucnoqta.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu formalar daha yüngül və daha rahatdır. Hətta, istiliyi də hazırki formalardan qat-qat üstündür. Elə hazırlanıb ki, həm qız, həm də oğlanlar istifadə edə bilərlər, rəng seçimi də mümkündür.

Bakı Tekstil Fabriki MMC-nin sədri Səkinə Babayeva deyib ki, məktəblilərin rahatlığı çox önəmlidir. Elə bu məqsədlə də, Avropa ölkələrini nümunə götürərək, yeni formalar hazırlayıblar. Hansı ki, bu geyimlərdən hazırda ölkəmizdə əsasən litseylərdə istifadə olunur. İndi isə məqsəd odur ki, bu formalar dövlət məktəblərində təhsil alan şagirdləri də bəzəsin.

O əlavə edib ki, hazırda istifadə edilən formalar sintetik tərkibli olduğu halda, bunlar pambıqdır. Ona görə də, istifadə zamanı şagirdə maksimum rahatlıq verir.

Səkinə Babayevanın sözlərinə görə, Nazirlər Kabineti və Təhsil Nazirliyinə təkliflər göndərib, cavab gözləyirlər. Qeyd edək ki, hazırda litseylər ilə yanaşı, Şirvan, Gəncə, Abşeron yarımadası və Sumqayıtda olan bəzi məktəblərdə də şagirdlər məhz bu formalardan istifadə edirlər.

Xəbər xətti