İsmayıllı rayonunun Talıstan kəndindən olan şəhid Səməd Hüseynzadənin ad günü məzarı yanında qeyd olunub.
Ucnoqta.az xəbər verir ki, mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı, hüquq mühafizə orqanının rəhbərləri, şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər. Öncə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib, sonra şəhidin məzarı önünə əklil və gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov şəhidin ailəsinə başsağlığı verərək Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb və şəhidlərimizin şərəfli döyüş yolundan danışıb.
Çıxış edənlər şəhid Səməd Hüseyzadənin keçdiyi qısa və şərəfli ömür yolundan danışıb, şəhidlərimizin qanının yerdə qalmadığını söyləyiblər. Talıstan kənd tam orta məktəbinin şagirdləri şəhidə həsr olunmuş kompozisiya ilə çıxış ediblər.
Daha sonra Rayon İcra Hakimiyyəti başçısı və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi şəhidin evində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təltif edildiyi “Suqovuşanın azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə” və "Ağdamın azad olunmasına görə” medallarını onun ailəsinə təqdim ediblər.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, Səməd Hüseynzadə 1998-ci il oktyabrın 18-də İsmayıllı rayonunun Talıstan kəndində anadan olub. 2020-ci ildə Azərbaycan Dövlət Aqrar Univerisitetini bitirdikdən sonra Hərbi Xidmətə yola düşüb. 44 günlük Vətən müharibəsində iştirak edən Səməd Tərtərin Dəmirçilər kəndinin azad edilməsi uğrunda gedən şiddətli döyüşlər zamanı mənfur düşmənin atdığı top atəşi nəticəsində dörd yoldaşı ilə birlikdə qəhramancasına şəhid olub.
Şəhid Səməd Hüseyzadə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "İgidliyə görə" , "Ağdamın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.