Azərbaycan Dövlət Kukla Teatrı oktyabrın 1-də “Cırtdan” tamaşası ilə teatrsevərlərin qarşısına çıxacaq.
Teatrdan Ucnoqta.az-a verilən məlumata görə, məşhur uşaq yazıçısı Mirmehdi Seyidzadənin “Cırtdan” mənzum nağıl-pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarovdur.
Tamaşanın musiqiləri yeni səsləndirmədə təqdim olunur.
Uzunmüddətli fasilədən sonra ilk nümayişə çıxacaq tamaşa 2 seansda (12:00, 14:00) göstəriləcək.
Qeyd edək ki, tamaşa sırf Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün canlarından keçən qəhrəmanların övladları üçün nümayiş olunacaq. Odur ki, Vətən müharibəsi şəhidləri, əlil və qazilərinin övladları təmənnasız olaraq istədikləri seansda iştirak edə bilərlər.
Ümumilikdə bütün teatr həvəskarları, kukla tamaşalarını səbirsizliklə gözləyən balaca teatrsevərlər isə oktyabrın 2-dən başlayaraq həftənin müvafiq günləri (cümə, şənbə, bazar) əksəriyyəti üç seans (üçüncü seans rus dilində) olmaqla repertuardakı maraqlı və rəngarəng səhnə nümunələrini izləyə bilərlər.
Xatırladaq ki, tamaşalar Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalar əsasında nümayiş ediləcək.