Bu il 5 yaşayış məntəqəsi və 25 yeni yaşayış massivi qazlaşdırılıb

12:53 - 20 Sentyabr 2021 - ÖLKƏ İÇİ

2021-ci ilin 8 ayında ölkə ərazisində 5 yaşayış məntəqəsi və 25 yeni yaşayış massivi qazlaşdırılıb.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev deyib.
O bildirib ki, qazlaşdırılma işləri aparılan ərazilər Bakı və Sumqayıt şəhərlərini, Abşeron, Goranboy, Bərdə, Beyləqan, Şəmkir, Qax, Salyan, Sabirabad, Füzuli, Neftçala, Yardımlı, İmişli, Gədəbəy və Ağcabədi rayonlarını əhatə edib:

"Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq respublika ərazisində yaşayış məskənlərinin qazlaşdırılması və qaz təchizatının yaxşılaşdırılması məqsədilə “Azəriqaz” İB tərəfindən yeni qaz xətlərinin çəkilməsi və mövcud qaz təchizatı şəbəkəsinin əsaslı təmiri işləri davam etdirilir. Ərazilərin qazlaşdırılması üçün cari ildə ümumən 213 km uzunluğunda müxtəlif diametrli qaz xətləri çəkilib".

Onun sözlərinə görə, hazırda Bakı şəhərində, Abşeron, Cəlilabad, İmişli, Yardımlı, Lerik, Şamaxı, İsmayıllı, Siyəzən, Quba, Qax, Ağdaş və Füzuli rayonlarında yeni paylayıcı qaz xətlərinin çəkilməsi işləri aparılır:

"Daxil olan müraciətlər əsasında şəhid ailələrinin və qazilərin fərdi yaşayış evlərinin “Azəriqaz” İB-nin daxili imkanları hesabına qazlaşdırılması işləri xüsusi diqqət mərkəzində saxlanılıb. Yeni paylayıcı qaz xətlərinin çəkilməsi işləri tamamlandıqdan sonra vətəndaşlar tərəfindən fərdi qazlaşma qaydalarına uyğun olaraq mənzildaxili qaz xətlərinin çəkilməsi işləri həyata keçirilə biləcək. Bundan əlavə olaraq istehlakçıların qaz təchizatının yaxşılaşdıırlması məqsədilə cari ilin ötən dövründə Respublikanın müxtəlif bölgələrində ümumən 274 km uzunluğunda müxtəlif diametrli qaz xətlərinin yenilənməsi işləri də aparılıb".

Xəbər xətti