“Bu gün möhtəşəm atmosfer vardı. Çatışmayan yeganə şey qol idi”.
Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
“Qarabağ” bu gün Avropa Konfrans Liqasının qrup mərhələsində İsveçrənin “Bazel” komandası ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunda keçirilən görüş qolsuz heç-heçə ilə başa çatıb.
Q.Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında görüşlə bağlı fikirlərini bildirib:
“Oyunda futbolçularımda o qədər yorğunluq hiss etmədim. Bu səbəbdən də əvəzetmə hüququmuzdan tam yararlanmadım. Həm də oyun istədiyim kimi gedirdi. Çəkindim ki, dəyişiklik etsəm, oyun planında da dəyişiklik olar.
Bilmirəm niyə bu gün qol vura bilmədik. Amma növbəti oyunlarında bunun əvəzini çıxıb qollar vuracağıq.
Xayme Romero zədələndi. Onun durumu barədə dəqiq məlumatı sabah biləcəyik. Qaspar isə hələ idman formasından uzaqdadır. Bu səbəbdən də Marko Vesoviçi meydana buraxdım. O, universal futbolçudur, bu mövqedə əvvəl oynayıb.
Ramil Şeydayevin epizodunda siz mətbuat işçiləri hansı hissi yaşadınızsa, mən də o hissləri yaşadım. Mən daha çox Ramil üçün məyus oldum. Komandanın qol vurmasından çox, onun fərqlənməsini istərdim”.///oxu.az