Ozon dəliyinin ölçüsü son bir həftədə qorxulu həddə böyüyüb

21:10 - 16 Sentyabr 2021 - DÜNYA

Cənub qütbü üzərindəki ozon dəliyi son bir həftə ərzində kəskin böyüməyə başlayıb və belə davam edərsə, dəliyin ölçüsü müşahidələr tarixinin ən böyüyü ola bilər.

Bu barədə “Copernicus” atmosfer monitorinq xidmətinin mütəxəssisləri məlumat veriblər.

Onların sözlərinə görə, dəliyin ölçüsü Antarktidanın ölçüsünü aşıb.

Antarktidanın üzərindəki ozon təbəqəsi hər il avqust ayından oktyabr ayına qədər nazikləşir, dəlik sentyabrın ortalarından oktyabrın ortalarına qədər maksimum ölçüsünə çatır. Bu il dəliyin ölçüsü əvvəlki illərlə müqayisədə 75 faizdən çox olub. Bunun səbəbləri bilinmir.

2020-ci ilin oktyabrın əvvəlində, ozon dəliyi 24 milyon kvadrat km metrə qədər genişlənmişdi (demək olar ki, bütün əvvəlki illərdən daha çox). Dəliyin 2021-ci ildə eyni ölçüdə qalacağı düşünülürdü, lakin artıq həmin rəqəmləri ötüb və böyüməyə davam edir.

Qeyd edək ki, ozon təbəqəsi planetimizi ultrabənövşəyi şüalardan qoruyur. Xloroflorokarbon kimi sintetik birləşmələrin istifadəsi son əsrdə ozon dəliyinin yaranması ilə nəticələnib. Bu birləşmələrin qadağan edilməsindən sonra ozon təbəqəsi tədricən bərpa olunur, lakin bu çox yavaş baş verir.///oxu.az

Xəbər xətti