Bakıda kəpənəklər kəskin artıb

15:02 - 8 Sentyabr 2021 - ÖLKƏ İÇİ

Bakıda kəpənəklər kəskin artıb.

Bunu APA-ya AMEA Zoologiya İnstitutunun dosenti, biologiya üzrə fəlsəfə doktoru Səkinə Hacıyeva deyib.

O qeyd edib ki, bu kəpənəklər odlucalar fəsiləsindən olan çəmən odlucasıdır: “Bunlar bəzi illərdə yüzlərlə yumurta qoyur və sayları artır”.

S. Hacıyeva bildirib ki, bu kəpənəklər kənd təsərrüfatı bitkiləri ilə qidalanır: “Onların tırtılları xüsusən paxlalılar fəsiləsindən olan bitkilər, meyvə ağacları ilə qidalanır. Şərait yaxşı, qidaları bol olduqda yüzlərlə yumurta qoyub, kütləvi çoxalırlar. Bu il onların qidalandığı bitkilərdən hansısa bol olub. Buna görə də qoyduqları yumurtaların hamısı kəpənəyə çevrilib. Bunlar kənd təsərrüfatı bitkilərinə - əsasən lobya, noxud, qarğıdalıya güclü ziyan verirlər. Əsasən də kəpənəklərin tırtılları ziyan verir”.

S. Hacıyeva qeyd edib ki, belə hallarda kəpənəklərə qarşı mübarizə aparmaq lazımdır: “Hazırkı kəpənəkləri məhv etmək lazımdır ki, yenidən yumurta qoymasınlar. Qoyduqları yumurtalar qışlamaya gedərsə, gələn il yenidən arta bilər. Ona görə də onları kimyəvi dərmanlarla məhv etmək lazımdır. Belə hallarda Zoologiya İnstitutu Kənd Təsərrüfatı Nazirliyi ilə birgə mübarizə tədbirləri hazırlayır. Bu kəpənəklər ən çox bir həftə yaşayırlar, onların yumurta qoyduğu yerləri dərmanlamaq lazımdır ki, qışlamaya getməsinlər”.

Xəbər xətti