İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və millət vəkili Novruzəli Aslanov Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalan, eləcə də bu döyüşlərdə sağlamlığını itirən igidlərimizin ailələrini ziyarət ediblər.
Ucnoqta.az xəbər verir ki, qonaqlar ilk olaraq İsmayıllının Diyallı kəndindən olan şəhid Tural Şıxızadənin evində olub, onun ailəsi ilə səmimi söhbət edərək qayğıları ilə maraqlanıb, şəhidin xatirəsinə həsr olunmuş guşə ilə yaxından tanış olublar, görüşdə hər bir soydaşımızın torpaqların azad olunmasında mərdliklə döyüşən oğullarımız ilə fəxr etdiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, bu tarixi Zəfərin əldə olunmasında xidmətləri olan hər kəsi xalqımız daim minnətdarlıqla yad edir.
Daha sonra görüş həmin kəndin qazisi Əhəd Həsənovun ailəsində davam edib. Səmimi keçən görüşdə Əhəd keçdiyi döyüş yolundan,döyüş yoldaşlarının ruh yüksəkliyindən, yüksək rütbəli zabitlərin öz əsgərləri ilə çiyin - çiyinə vuruşmasından, əsgərlərə diqqət və qayğılarından danışıb. Rayon rəhbərliyi dövlətimizin hər zaman şəhid və qazi ailələrini diqqətdə saxladığını qeyd edib.
Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Tural Şıxızadə ölümündən sonra "Vətən uğrunda" və “Suqovuşanın azad olunmasına görə” Əhəd Həsənov isə "Vətən uğrunda", “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib