Kabil hava limanında terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 13 nəfər həlak olub.
Bu barədə “Taliban” hərəkatı açıqlama yayıb.
Ölənlər arasında uşaqların da olduğu bildirilir.
***
18.25
Kabil hava limanının girişində partlayış törədilib.
Partlayış britaniyalı hərbi qulluqçuların bir müddətdir dayandığı və hava limanının terror xəbərdarlığı səbəbi ilə bağlanmış 3 giriş qapısından birində baş verib.
ABŞ rəsmisi “Reuters” xəbər agentliyinə partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyini bildirib. Böyük Britaniya Müdafiə Nazirliyi partlayış nəticəsində itkilərin olmadığını, lakin əminliklə danışmaq üçün hələ tez olduğunu deyib.
“Pajhwok” agentliyi 2 nəfərin öldüyünü, 15 nəfərin yaralandığını açıqlayıb.
Pentaqondan verilən məlumata görə isə 3 ABŞ hərbçisi xəsarət alıb.
Qeyd edək ki, partlayışdan sonra hadisə yerində silah səslərinin eşidilməsi ilə bağlı məlumat yayılıb.
Əfqan jurnalist Əhməd Mengli isə CNN-Türkə bildirib ki, partlayış zamanı 11 nəfər ölüb, çox sayda yaralı var.
Digər yerli qaynaqlar da partlayış nəticəsində 11 nəfərin həlak olduğunu, həlak olanlar arasında əcnəbi hərbçilərin olduğunu xəbər verir.///Apa