Qəbələdəki yanğınla bağlı rəsmi açıqlama

12:36 - 11 Avqust 2021 - ÖLKƏ İÇİ

“Qəbələdə mürəkkəb relyefli dağlıq ərazidə meşədə baş verən yanğınla bağlı bütün qüvvələrimiz səfərbər olunaraq yanğının tez bir zamanda söndürülməsi üçün çalışırlar.
Hazırda Fövqəladə Hallar Nazirliyinin, rayon icra hakimiyyətinin və yerli kənd camaatının köməyi ilə yanğının digər ərazilərə keçməsinin, genişlənməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür”.

Bunu Ucnoqta.az-ın sorğusuna cavab olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib.

Nazirlik rəsmisi yanğınlarla bağlı vətəndaşlara çağırış edib:

“Havaların isti keçməsi, insanların təbiət qoynuna üz tutması meşələrdə yanğınların baş vermə ehtimalını artırdığı üçün hər kəsi bir daha yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə çağırırıq. 

Unutmayaq ki, cüzi ehtiyatsızlıq qarşısıalınmaz yanğınlara səbəb olur, söndürülməsi çox böyük əziyyət və zəhmət tələb edir, flora və faunanın, torpaq qatının məhvi ilə bərabər, dövlətimizin büdcəsinə külli miqdarda ziyan dəyir”.

Xəbər xətti