Nağdsız ödənişlərin həcmi 55,6 faiz artıb

12:11 - 4 Avqust 2021 - İQTİSADİYYAT

01.07.2021-ci il tarixinə dövriyyədə olan ödəniş kartlarının sayı 10.4 mln ədəd təşkil edib və bu kartların 52%-i təmassız ödənişləri dəstəkləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı Ödəniş Sistemləri üzrə Yarımillik İcmalda bildirilib. 2020-ci ilin analoji dövrü ilə müqayisədə ödəniş kartlarının sayı 16%, o cümlədən təmassız kartların sayı 2.3 dəfə artıb.

Emissiya edilən ödəniş kartlarının 88%-i, yəni 9.2 mln. ədədi debet kartlar, 12%-i, yəni 1.2 mln. ədədi isə kredit kartları təşkil edib.

2021-ci ilin I yarımili ərzində ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi həcmi 2020-ci ilin analoji dövrü ilə müqayisədə 22.3% artaraq 15.9 mlrd. manat, o cümlədən nağdsız ödənişlərin həcmi 55.6% artaraq 4.5 mlrd. manat olub. Ödəniş kartları ilə aparılmış ölkədaxili əməliyyatlarda nağdsız hesablaşmaların xüsusi çəkisi 2020-ci ilin I yarımili ilə müqayisədə 6% bəndi yüksələrək 28.1%-ə bərabər olub.

Ümumiyyətlə, hesabat dövründə ödəniş kartları ilə aparılan hər 100 manatlıq əməliyyatın 28 manatı nağdsız, 72 manatı isə nağd əməliyyatlar təşkil etməkdədir. Ötən ilin I yarım ilində bu göstərici müvafiq olaraq 22 və 78 manat təşkil edirdi. Ölkədə bank kartları ilə aparılan nağdsız ödənişlərin böyük hissəsi elektron ticarət əməliyyatlarının payına düşüb. 2021-ci ilin I yarımilində elektron ticarət əməliyyatlarının sayı 2020-ci ilin analoji dövrü ilə müqayisədə 40.3% artaraq 43.2 mln. ədəd, həcmi isə 35.6% artaraq 2.4 mlrd. manat olub. Təsərrüfat subyektlərində 2021-ci ilin I yarımili ərzində POS-terminal vasitəsilə aparılan əməliyyatların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artaraq 42.7 mln. ədəd, həcmi isə 85.3% artaraq 1.8 mlrd. manat olub. POS-terminallarla aparılan təmassız ödənişlərin sayı və həcmi isə 2020-ci ilin I yarımil göstəricilərini müvafiq olaraq 4.2 və 6.6 dəfə üstələyib.///trend

Xəbər xətti