İnsanabənzər məxluqun açıqlamaları ciddiyə alınanda özünü adam sanır...

20:28 - 3 Avqust 2021 - SİYASƏT

Kəndimizdə dünyasını dəyişmiş ağsaqqal bir kişi var idi. Ömür boyu sadə həyat tərzi keçirən bu insan öz şəxsiyyətini, ləyaqətini hər şeydən uca tutar, öz səviyyəsində olmayan şəxs və şəxslərdən kənar gəzərdi. Onun gündəlik yediyi və ya geydiyi diqqət çəkməsə də, hər adamın (ən yaxın qohumu olsa belə) evinə qonaq getməz, süfrəsində oturub çörəyini kəsməz, bir növ çəkinərdi.

Bütün kənd əhli bu özəl və gözəl təbiətli insana hörmətlə yanaşsa da, hər yerdə olduğu kimi bizim kəndin bir çox ağıldan-kamaldan geri qalan cahil insanları bəzən onunla zarafat etmək istəyəndə ağsaqqalın ibrətamiz cavabı indiyə qədər yaddaşımdan silinmir:
- A gədə, itil burdan məni sənlə bir yerdə danışdığını görən kəs, səni də adam sanar.

İki-üç gündür ictimaiyyət arasında siyasi təlxək kimi tanınan Rusiya Dövlət Dumasının ömürlük deputatı və bu ölkənin Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin son qalmaqallı hesab olunan açıqlamasına verilən kəskin reaksiyanı gördükdə bir anda kəndimizin o müdrik ağsaqqalının kitaba yazılan hikmətli sözlərini xatırladım: - Bu başdan ayağa qədər qeyri-ciddi olan insanabənzər məxluqun açıqlamalarını ciddiyə alanda özünü siyasətçi, ictimai xadim sanır.

V.Jirinovskinin son açıqlaması antiAzərbaycan, antiTürkiyə ovqata köklənən nə birinci bəyənat deyil, nə də sonuncu olacaq. Təbii ki, milçək bir şey olmasa da, könül bulandırır. Nəzərə alsaq, o, həm də Rusiya qanunvericilik orqanı olan Dövlət Dumasının təmsilçisidir, onun fikirləri hardasa rəsmi mövqe kimi səslənə bilər. Bu nöqteyi-nəzərdən məlum açıqlamadan dərhal sonra Azərbaycan Xarici İşlər Nazirliyi səviyyəsində Rusiyaya ehtiraz bildirilməsi, səfirliyinə nota verilməsi tam məqsədəuyğun idi. Yəni bu rəsmi notamız onu ciddiyə almadıqları ölkələrində, elə Dumanın özündə belə Jirinovskinin bəyənatından və ona olan reaksiyasızlıqdan həvəsə gələn bir başqalarına mane olmaq üçün qabaqlayıcı tədbirdir.

Ancaq qanunvericilik nümayəndəsi olsa belə bu siyasi oyunbazın sayıqlamaları bəzi şərhçilərimizin iddia etdiyi kimi Rusiya prezidenti və ya dövləti, hökumətinin rəsmi mövqeyi ola bilməz. Xatırlatmaq yerinə düşər ki, cənab prezident İlham Əliyevin bu günlərdə Dövlət Televiziyasına verdiyi son müsahibəsində iyulun 20-də prezident Vladimir Putinin birbaşa dəvətilə ora etdiyi işgüzar səfərin nəticələrini şərh edərkən birmənalı bildirdi ki, Rusiya və Azərbaycan strateji tərəfdaşlardır və bu, sadəcə olaraq, söz deyil.

“Real həyatda da biz strateji tərəfdaşıq, çünki uzunmüddətli strateji əməkdaşlıq perspektivləri ilə bağlı fikir ayrılığı yoxdur. Bizim aramızda çox möhkəm dostluq əlaqələri var və şəxsən mənim cənab Putinlə çox yaxın əlaqələrim var, biz bir-birinə inanan siyasətçilərik”, - deyən dövlət başçısının bu fikirləri açıq göstərdi ki, iki qonşu ölkə arasında əlaqələr Jirinovski kimilərin fikirləri əsasında qurulmayıb ki, pozulsun və ya Rusiya rəhbərliyinin Azərbaycan və onun rəhbərliyi haqqında mövqeyini çatdırmaq üçün sözü-söhbətinin 5 qəpiklik dəyəri olmayan Jirinovskiyə möhtac qalsınlar.

Bu gün Vladimir Jirinovski, Konstantin Zatulin, Vladimir Kazimirov, Vladimir Yevseyev və digər ermənipərəst siyasətçi, deputat, ekspert, jurnalistlərin görmək, eşitmək və bilmək istəmədikləri, amma görməli, eşitməli və bilməli olduqları yeni reallıq vardır. Bu reallıq 44 gün müddətində erməni işğalçılarını darmadağın edərək, 30 illik həsrətə son qoyan, ərazi bütövlüyümüzü təmin edən Azərbaycanın Şanlı Ordusu və onun Müzəffər Ali Baş Komandanıdır. Bu reallıq bir çağrışı ilə dinindən, dilindən, millətindən, siyasi əqidəsindən, partiyalılığından, peşəsindən aslı olmayaraq “Dəmir Yumruq” ətrafında birləşən qürurlu xalq və uğurunda canından keçən Azərbaycan dövlətidir. Ola bilər ki, əzəli və əbədi düşmənimiz olan ermənilər və və onların havadarlarının güman yeri 90-cı illərin Azərbaycanı və onun səriştəsiz, təcrübəsiz rəhbərliyinə idi ki, yenə bir qarışıqlıq salmaqla bu ölkəni növbəti uğursuzluğa düçar etmək asan olacaq. Ancaq xam arzu və istəkləri “Vətən Müharibəsi” günlərində alt-üst oldu. Bəli, Jirinovski və onun düşüncəsini paylaşanların həzm edə bilmədiyi reallıqda məhz, budur. Düşünürsünüzsə, təxribatlarla Azərbaycanda xalqın birliyini pozmaq, hakimiyyət dəyişikliyi ilə yenə özbaşınalıqlara rəvac verməklə torpaq itkisinə məruz qoymaq olar, yanılırsınız.

Unutmayın, Azərbaycan heç bir dövlətdən asılı olmayan tam müstəqil ölkədir. Hər bir ölkədə olduğu kimi bizim suveren respublikamızda da sosial, iqtisadı, elm-təhsil, səhiyyə, ekoloji məsələlərdən irəli gələn daxili problemlər var, və olacaq. Əslində problemlərin olması da müstəqil ölkənin mövcudluq və inkişaf göstəricisidir. Bununla yanaşı yuxarıda qeyd edilən problemlərin daim gündəmə çevirib həllinə çalışan sağlam, xarici ianələrdən asılı olmayan, Qərb, Şərq, Şimal və Cənub dairələrin təsiri altında olmayan müxalif qüvvələrə, o cümlədən azad mediyaya hər bir hakimiyyətin ehtiyacı var və mövcud iqtidar maksimum bunun bərqar olması üçün çalışır. Ancaq ümummilli məsələ olan dövlət və dövlətçilik, ərazi bütövlüyü, torpaq, sərhəd və sair müzakirə mövzusu olanda bütün daxili problemləri arxa plana keçirib, bir məqsəd, bir hədəfə istiqamətlənən birliyimizi heç bir kənar qüvvə, illa ki, Jirinovski kimi siyasi kuklaların sonradan təkzib edən açıqlamaları poza bilməz.

Əfsun Sucayev
YAP İdarə Heyətinin üzvü

Xəbər xətti