Hər keçən gün yoxluma hallarının çoxalması narahatlıq doğurur. Bu o deməkdir ki, qoyulan qaydalara ciddi əməl edilmir.
Elə ötən gün baş nazir, Operativ Qərargahın rəhbəri Əli Əsədov qərargahın geniş tərkibdə respublika müşavirəsində bu məsələni qaldırdı. Müşavirədə xüsusi karantin rejimində şənlik mərasimlərinin - toy, nişan və s. Tədbirlərin keçirilməsi zamanı xüsusi karantin rejimi qaydalarının tez-tez pozulduğunu bildirib.
Bəs aidiyyəti qurumlar belə halların qarşısını almaq üçün hansı tədbirlər görür? Demək olar ki, hər gün respublika ərazisində bir neçə şadlıq sarayının qaydaları pozması ilə bağlı faktlar aşkar edilir. Bu o deməkdir ki, sahibkarlar qoyulan qaydalara ciddi yanaşmırlar.
Bəzi restoran sahibləri tərəfindən qonaqların sayına qoyulmuş məhdudiyyət nəzərə alınmır, iştirak edən şəxslərin COVID pasportu olmur, mərasimin vaxtı müəyyən olunmuş saatları keçir, sanitar-epidemioloji normalar pozulur, obyektlərdə əməkdaşların 80%-nin peyvəndlənmiş olması tələbi tətbiq olunmur. Daxili İşlər Nazirliyinin əməkdaşı Nurlan Əliyev deyir ki, aparılan yoxlamalar zamanı ən çox qonaqların sayının çox olması faktlarına rast gəlinir. Qeyd edək ki, Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələrindən ibarət monitorinq qrupları Bakıda, eləcə də respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən şənlik mərasimləri təşkil edilən obyektlərdə yoxlamalar aparırlar. Qeyd edək ki, bu qaydalara əməl olunmamasının nəticəsidir ki, son günlər ölkə üzrə yoluxmanın artımı müşahidə olunur. Prosesin bu şəkildə davam etməsi arzuolunmaz nəticələrə aparıb çıxara bilər. Restoran inzibatçılar da təsdiq edirlər ki, hər gün müştərilər tərəfindən qonaq sayının çox olması ilə bağlı müraciətlər olur. Qeyd edək ki, Operativ Qərargah şənliklərin keçirildiyi obyektlərin sahiblərinin nəzərinə bir daha çatdırır ki, bütün məsuliyyət onların üzərindədir və qayda pozuntuları ilə bağlı qəti və sərt tədbirlər görüləcəkdir.