Neft kəskin ucuzlaşacaq - Proqnoz

15:23 - 17 İyul 2021 - İQTİSADİYYAT

OPEK+ razılaşmasının 2022-ci ildə də davam etməsi ilə bağlı ümumi razılığa gəlinməsi müsbət addımdır. Bu, qiymətlərin daha kəskin ucuzlaşmasının qarşısını ala biləcək bir addımdır. Amma hazırda bütün dünya anlayır ki, OPEK+ razılaşması hesabına neft qiymətlərinin süni tənzimlənməsinin mənası yoxdur. Çünki gec-tez bu vasitə iflasa uğrayacaq.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli OPEK OPEK+ sazişi üzrə razılıq əldə edilməsini şərh edərkən deyib.

O bildirib ki, hələ iyul ayının əvvəlindən OPEK+ razılaşması ilə bağlı problemlər mövcud idi:

“Əvvəlki razılaşmaya görə, hər ay 400 min barrel olmaqla, avqust ayından dekabra qədər hasilatın addım-addım artırılması qərarlaşdırılmışdı. Neft hasilatının indiki səviyyədən avqust ayı üçün 400 min, sentyabrda 800 min, oktyabrda bir milyon 200 min olmaqla, hər ay 400 min barrel artmalı idi.

Ancaq BƏƏ hasilatın artırılması ilə bağlı formulda onların ilkin hasilat nöqtəsinin hesablama nöqtəsindən aşağı olduğunu irəli sürdü. Yəni onların əvvəlki hasilat dərəcəsinə uyğun olaraq hasilatın artırılmalı olduğunu təklif elədi. Bu da təxminən 600 min barrellik bir əlavə kvota ayrılması demək idi. Bu zaman isə hasilat hər ay 400 min barrel deyil, 1 milyon barrel artma demək idi. Bunun əleyhinə Rusiya, Səudiyyə Ərəbistanı və OPEK+ ölkələri çıxdı. Buna görə də danışıqlar uzandı.

Son məlumatlardan da görünür ki, tərəflərlə razılığa gəlinib. Yəni OPEK+ gələn aydan etibarən hasilatı artırmağa başlayacaq. Gələn aydan BƏƏ hasilatı 400 min barrel deyil, 600 min barrel artıracaq.

Təbii ki, bu da dünya neft bazarında qiymətlərə təsirsiz ötüşmədi. Keçən həftə qiymətlər 78 dollardan 73 dollara düşdü. Gələn həftə də ola bilsin ki, bu trend davam etsin. Çünki neft bazarında başqa mənfi təhlükələr də var. Xüsusilə delta ştammının sürətlə yayılması, Liviyada hasilatın artması, İranın bazara çıxması neft bazarına təsir edəcək amillərdən hesab edilir”.

Xəbər xətti