Əlillik təyinatı ilə bağlı yeni qaydalar

13:00 - 16 İyul 2021 - Cəmiyyət

Gələn ilin yanvarından qüvvəyə minəcək qaydaların əlillik təyinatı ilə bağlı problemləri çözəcəyi bildirilir

Azərbaycanda əlilliyin təyini ilə bağlı məsələ hələ problem olaraq qalır. Hazırda əlilliklə bağlı təqaüdü dayandırılan yüzlərlə insan sosial şəbəkələr və sosial media vasitəsi ilə öz narazılığını ifadə edir. Həmçinin, təkrar müayinədən sonra əlillik ala bilməyən insanların tez-tez etiraz aksiyaları olur. Əlilliyin verilməsindən imtina ilə bağlı məktubda səbəb kimi daha çox region xəstəxanalarında sənədlərin elektron informasiya sisteminə düzgün yerləşdirilməməsi göstərilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə sərt tədbirlərin saxta əlillik dərəcəsi alanlarla bağlı atıldığını bildirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumata görə, 01 aprel 2021-ci il tarixinə ölkə üzrə əlillik statusu olanların sayı 591 min nəfərdir. Onlardan 52 min nəfərini 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaqlar təşkil edir.

Amma Azərbaycanda əlillərin ümumi əhali sayında payı elə də böyük deyil. Respublikamızda bu göstərici qonşu ölkələrlə müqayisədə daha azdır. Azərbaycanda əhalinin 6.4 faizi əlillik statusuna malik olduğu halda bu göstərici Gürcüstanda 12.3 faiz, Türkiyədə 10,4 faiz, Rusiyada 8 faiz, İranda isə 15 faizdir. Əlil insanların ümumi əhali sayına nisbəti Avropa Birliyinə üzv olan ölkələrdə 6-10 faiz intervalında dəyişir. ABŞ-da isə 25 faiz əhali hansısa formada əlilik dərəcəsinə malikdir və bunların da bir qismi yaşa görə əlillikdir.

“Əlilliyin qiymətləndirilməsi dövlət tibb müəssisələri tərəfindən verilən göndərişlərdəki məlumatlardan birbaşa asılıdır”

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyə ünvanladığımız sorğuya verilən cavabda bildirilir ki, problemin həlli ilə bağlı addımlar atılır: “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunan “Əlilliyin qiymətləndirilməsi qaydası”na uyğun olaraq əlilliyin qiymətləndirilməsi dövlət tibb  müəssisələrinin göndərişləri əsasında məmur-vətəndaş ünsiyyəti olmadan, elektron qaydada həyata keçirilir. Əlillik təyinatından imtina halları ilə bağlı bildiririk ki, əlilliyin qiymətləndirilməsi dövlət tibb müəssisələri tərəfindən verilən göndərişlərdəki (Forma№88) məlumatlardan birbaşa asılıdır. Göndəriş əlilliyin qiymətləndirilməsi üçün tibb müəsisəsinin məlumatlarını əks etdirən sənəddir. Göndərişdəki məlumatlar əlillik təyinatı üçün əsas yarada və yaratmaya bilər. Ona görə də nəzərə alınmalıdır ki, əgər əlillik təyin olunmasından imtina edilibsə, bunun səbəbi şəxs barəsində tibb müəssisəsinin elektron sistemə daxil etdiyi göndərişdə qeyd edilən məlumatların əlillik dərəcəsi təyin etməyə əsas yaratmamasıdır”.

“Əlillik təyinatı üçün tibb müəssisələri tərəfindən verilən göndərişdə şəxsin diaqnozu ilə bağlı məlumatlarda ziddiyyət və uyğunsuzluq aşkar olunduqda, müayinələr üçün əsas diaqnozu təsdiq etmədikdə, şəxsin stansionar və ambulator nəticələri yetərli olmadıqda yaxud ziddiyyət təşkil etdikdə, göndəriş düzgün tərtib olunmadıqda, natamam doldurulduqda həmin göndəriş üzrə məlumatların dəqiqləşdirilməsi, çatışmazlıqların aradam qaldırılması üçün tibb müəssisəsinə geri göndərilir.

Tibb müəssisələri tərəfindən rəsmiləşdirilən göndərişlərin əsasslılığının yoxlanılması üçün də Nazirlik tərəfindən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyi və digər qurumlarla birlikdə araşdırmalar aparılır. Göndərişlərdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı, məlumatlarda xəstəliklərin bilərəkdən ağırlaşdırılması məqsədi ilə təhrif olunması faktları aşkarlandığı təqdirdə həmin faktlar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilir”.

Əlilliyin yenidən təyinatına ehtiyac varsa, bu proses şəffaf, açıq və sürətli olmalıdır

Məsələyə münasibət bildirən İqtisadçı Qubad İbadoğlu deyir ki, ölkədə əlilliyi olan şəxslərin sayı 600 mini ötmüşdü: “Müharibə, əlillik yaradacaq kütləvi durum olmadığı zaman bu şübhəli görünürdü. Amma hazırda büdcəyə qənaət etmək üçün əlillik təyinatı ilə bağlı prosedurun mürəkkəbləşdirilməsi "əlillik təyinatını süni şəkillərlə yubadan bir mexanizm"dir. Sənəd toplamaq üçün idarələr arasında “dolaşmaq” onsuz da azməbləğli pensiyaya möhtac insanlardan ötrü məşəqqətə çevrilib. Elə həqiqi əlilliyi olan şəxslər var ki, onların yeganə dolanışıq mənbəyi əlilliyə görə aldıqları pensiyadır. Əgər əlilliyin yenidən təyinatına ehtiyac varsa, bu proses şəffaf, açıq və sürətli olmalıdır. Amma Əmək və Əhalinin Soaial Müdafiəsi Nazirliyi “saxta əlilliklə” mübarizədə “həqiqi əlilliyi olan şəxsləri problemlərlə üz-üzə qoymamalıdır”.

Əlillik təyinatı ilə bağlı yaranan problemlərə münasibət bildirən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyir ki, əsas problem 2015-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qəbul edilən qərardan sonra yaranıb:

“O zaman bir deputat, bu sahədə uzun müddət işləmiş şəxs olaraq buna etiraz etdim. Bizim təkliflərimizə baxmayaraq qərar qəbul edildi. Bu, səhv qərar idi. Öncəki illərdə belə bir qayda var idi ki, təkrar əlillik ikinci qrupdursa, bir ildən bir təkrar ekspertizadan keçirdi. Həmin müddət ərzində onun reabilitasiya proqramı tərtib olunur, müalicəsi, yeni peşə öyrənilməsi, əmək qabiliyyətinin saxlanma dərəcəsi müəyyənləşir və ondan sonra müəyyən iş təklif olunurdu. Düzdür, insan orqan itiribsə, onu bərpa etmək mümkün olmur. Lakin hər hansı xroniki xəstəliyi varsa, o xəstəliyi yüngülləşdirmək, yaxud onu müalicə etmək, əmək qabiliyyətini bərpa etmək imkanı var. Ona görə də sovetlər dönəmindən ikinci qrup əlillər 10 il müddətində hər il dalbadal ekspertizadan keçirdi və 10 il ərzində onun əmək qabiliyyəti bərpa olunmurdusa, əlillik ömürlük verilirdi. 10 il ərzində şəxs həm tibbi-sosial ekspert komissiyasının, həm səhiyyə müəssisəsinin nəzarəti altında olurdu. Amma 2015-ci ildə belə bir qərar qəbul olundu ki, insanlar hər il ekspertizaya gəlməsinlər, 5 ildən bir gəlsinlər. Yəni şəxsə hər hansı xəstəliyə görə əlillik dərəcəsi verilibsə, 5 il müşahidədən kənarda qalırdı. Təəssüflər olsun ki, həmin dövrdə müəyyən saxtakarlığa da yol verilib, bu, artıq faktdır. Əmək və Sosial Müdafiə Nazirliyinin apardığı monitorinq göstərir ki, saxta, yaxud əlilliyi düzgün müəyyənləşdirilməyən, həmin dövrdə əlillik vəziyyəti olan, amma hazırda sağalan xeyli insan var. 5 il ərzində bunlar üst-üstə yığılıb. Əgər 5 il ərzində onlar tibbi-sosial ekspertizadan keçsəydilər, daha keyfiyyətli ekspertiza aparmaq olardı. İndi elə bil, 5 il ərzində hər il ekspertizadan keçməli insanlar toplaşıb, bu il ekspertizadan keçməlidir. Üstəgəl, bu il ilkin əlillik üçün müraciət edən 60-70 min insan var. 160 min də 5 il ərzində toplananlardır. Bunların hamısını 1 il ərzində ekspertizadan keçirmək və düzgün qərar vermək olduqca çətindir”.

Əlillik təyinatı üçün gec müraciət olunubsa 6 aylıq ötürülən müddət bərpa olunacaq

M.Quliyev bu il ərzində bu problemin çözülməsi və gələn il tam şəffaflığa nail olmacağına ümid edir:  “Bu, çox ciddi sosial problemdir. Amma bu, heç kimə əsas vermir ki, haqqı olanın haqqına girsin, eyni zamanda haqqı olmayan da dövlətdən müavinət, pensiya alsın. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin apardığı monitorinqə əsasən, həqiqi əlilliyi olmayan insanlara il ərzində 270 milyon manat vəsait xərclənir. Bu vəsait büdcədə qalarsa, pensiyaları, müavinətləri artırarıq. O insanlar da artıq sağlam insanlardır, gedib əmək fəaliyyəti ilə məşğul ola bilərlər”.

“İndiyə qədər əlilliyin təyin olunması sovet sisteminə, 1940-cı illərdən formalaşan 3 əlillik dərəcəsi ilə müəyyənləşib. Amma Azərbaycan həm əlillərin hüquqları üzrə BMT Konvensiyasına qoşulub, həm də 2018-ci ildə əlillərin hüquqları haqqında yeni qanun qəbul olunub. O qanunun tələblərindən biri əlillik dərəcələrinin qruplar üzrə deyil, aparıcı ölkələrdə olduğu kimi, daha geniş şəkildə faizlər üzrə verilməsinə daha çox imkan yaradılmasını nəzərdə tutur. Əlillik dərəcələrinin verilməsi ilə bağlı Almaniyadakı kimi faiz göstəricilərinə keçmək kriteriyaları daha da yüngülləşdirəcək. Bir var, 3 dərəcə, bir də var, 4 dərəcə olsun. 4 dərəcə olacaq və bu zaman həkimin seçim imkanları da, qiymətləndirmə imkanları da geniş olur. Əlillik indiyə qədər əmək qabiliyyətinin itirilmə dərəcəsinə görə təyin olunub. Yəni, üçüncü qrup əmək qabiliyyəti məhduddur, amma öz işində işləyə bilər, ikinci qrup əmək qabiliyyətsizdir, amma həkimlərin verdiyi əmək zəmanətinə uyğun olaraq işlə məşğul ola bilər. Birinci qrupun isə əmək qabiliyyəti tam məhduddur, işləyə bilməz, yaxud onun üçün xüsusi yaradılmış şəraitdə işləyə bilər və başqasının köməyinə ehtiyacı var. Tutaq ki, insanın hər iki ayağı amputasiya olunub, durub harasa iş yerinə gedib işləyə bilməz, ancaq əlil arabasında işləyə bilər. Deməli, evində xüsusi şərait yaradılarsa, kompüterdə hansısa işi görə bilər. Amma yeni meyarlara görə əmək qabiliyyətinin saxlanılma dərəcəsi əsas götürülür. Yəni tutaq ki, 10 faiz əmək qabiliyyəti itirilibsə, 90 faiz saxlanılıbsa, buna bir cür, 90 faiz itirilib, 10 faiz saxlanılıbsa, başqa cür baxılacaq. Amma əsas mahiyyət odur ki, indiyə qədər əlillik dərəcəsi əmək qabiliyyətinin itirilmə dərəcəsinə görə müəyyənləşirdisə, indi əmək qabiliyyəti və həyat fəaliyyətinin saxlanılma dərəcəsi əsas götürüləcək, daha pozitiv yanaşma olacaq. Eyni zamanda reabilitasiya potensialı müəyyənləşəcək ki, 10 faiz əmək qabiliyyətini itiribsə, çalışaq 1-2 il ərzində 10 faizini də bərpa edək, sağlam həyata qayıtsın. 4 əlillik dərəcəsinə görə müavinətlər də fərqli olacaq, spektr daha da genişlənəcək. Bəzi müavinətlər cüzi, bəzi müavinətlər daha çox olacaq. Digər tərəfdən  hər hansı səbəbdən əlillik təyinatı üçün gec müraciət olunubsa, təkrar müalicə və müayinəyə qayıdıbsa, ötürülən müddət üçün 6 ay geriyə imkan yaradılacaq ki, onun pensiyası verilsin”,- deyə M.Quliyev bildirib.

Əlilliyin təyin edilməsi ilə bağlı yeni qaydalar artıq təsdiq edilib. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna edilən dəyişikliyə əsasən, əlillik dərəcəsinin təyin edilməsi ilə əlaqədar yeni qaydalara keçilir. Belə ki, artıq I, II və III qrup kimi əlillik göstəricisi olmayacaq.

Əlillik dərəcəsi orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək. Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunacaq.
Yeni qaydalar 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək. Yeni qaydaların bu sahədəki problemləri çözəcəyini isə indidən proqnozlaşdırmaq çətindir.

Pünhan Əfəndiyev

Xəbər xətti