"Qarabağda – Ağdam istiqamətində azərbaycanlı hərbçiyə atəş açılması nə deməkdir?"
Ucnoqta.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib. Elxan Şahinoğlunun sözlərinə görə, müharibədə məğlubiyyət erməni separatçılarına dərs olmayıb və onlar cinayətlərinə davam etməyə hazırdılar:
"Bu o deməkdir ki, bölgədəki rusiyalı hərbçilər nə erməni separatçılarını tərksilah edəcəklər, nə də onların cinayətlərinə mane olacaqlar. Bu o deməkdir ki, Qarabağda yenidənqurma və inşaat işlərində çalışanlar üçün də təhlükə var. Bu o deməkdir ki, gələcəkdə Qarabağa köüçürləcək soydaşlarımızı təhlükə gözləyir, 1980-ci illərin ortalarında da erməni separatizmi oxşar ssenari ilə başlamışdı, ermənilər Xankəndidəki SSRİ hərbi bazalarından əldə etdikləri silahlar hesabına kəndlərimizə hücumlar təşkil etdilər və daha sonra işğalı həyata keçirdilər."
Politoloq qeyd edir ki, bütün bunların qarşısının alınmasının yeganə yolu Qarabağdakı erməni separatçılarının tamamən tərksilah olunmasından keçir: "Ermənistanla sərhəddə insidentlər tez-tez baş verir, bu təxribatlara alışqanıq və qarşısını alırıq. Ancaq bu dəfə atəşkəs Azərbaycanın içərisində pozulub və bu bizim üçün daha mürəkkəb vəziyyətdir. Çünki atəş açılan əraziyə nəzarət etmirik."
Elxan Şahinoğlu bildirir ki, Rusiya hərbçiləri artıq 7 aydan çoxdur ki, Qarabağdadırlar və onların erməni separatçılarını tərksilah etmək planları yoxdur: "Çünki Moskvadan müvafiq təlimat almayıblar. Belə bir təlimatın gələcəkdə olacağı şübhə doğurur. Demək, özümüz erməni separatçılarını tərksilah etməyin planını hazırlamalıyıq, başqa alternativimiz yoxdur. Belə görünür ki, Ağdamdakı Rusiya-Türkiyə monitorinq mərkəzindən də nəticə gözləyə bilmərik. Bu mərkəz sadəcə, Cənubi Qafqazda Rusiya ilə Türkiyə əməkdaşlığının modelidir. Ancaq bizə bu azdır. Azərbaycan cəmiyyəti nəticə gözləyir. Müharibədə ona görə qələbə çalmadıq ki, erməni separatçıları silahlarını yenə də bizə tuşlasınlar."