Dünya neft sənayesi tarixinin ən təlatümlü dövrü kimi yaddaşlarda qalan 2020-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft və qaz yataqlarının işlənməsi, karbohidrogenlərin nəqli və satışı seqmentlərində əldə etdiyi müsbət nəticələr hesabına üzləşə biləcəyi xalis zərəri azaltmağa nail olub.
Ucnoqta.az SOCAR-a istinadən verdiyi məlumata görə, hesabat ilində şirkətin ümumi dövriyyəsi 49,6 milyard manat təşkil edib. Dövriyyənin azalmasına dünya bazarında neft və təbii qazın qiymətlərinin kəskin şəkildə aşağı düşməsi, həmçinin neft və neft-kimya məhsullarının gəlir marjalarının əhəmiyyətli dərəcədə azalması təsir göstərib.
2020-ci il, əsasən, apstrim seqmenti, yəni neft və qaz yataqlarının işlənməsi üçün çətin dövr olsa da, SOCAR bu sahədə əsaslı optimallaşdırma tədbirləri həyata keçirməklə, 1,4 milyard manat, ticarət, paylanma və satış seqmentində isə 0,3 milyard manat mənfəət əldə edib. Bu isə hətta 2019-cu ildə bu iki seqment üzrə əldə olunan 1,6 milyard manat cəmi xalis mənfəətdən çoxdur.
Bununla belə, şirkət fəaliyyət göstərdiyi digər sahələrdə və bəzi xarici ölkələrdə, o cümlədən, xarici sərmayələrinin daha çox olduğu Türkiyə bazarında pandemiyanın iqtisadi təsirlərinə məruz qalaraq, həmçinin valyuta məzənnəsində yaranan fərq səbəbindən itkilərlə üzləşib. Bu itkilərin miqdarı digər seqmentlərdə əldə olunmuş müsbət nəticələri üstələyərək, ümumi nəticədə zərərə səbəb olub. Belə ki, il ərzində SOCAR-ın xalis zərəri 1,7 milyard manat olub. Bu, şirkətin konsolidə olunmuş maliyyə hesabatlarını təqdim etməyə başladığı 2008-ci ildən 2020-ci il hesabat ilinədək baş vermiş ikinci belə haldır. 2015-ci ildə şirkət hesabat ilini devalvasiya nəticəsində xalis zərərlə, 2008-2019-cu illər arasında bütün başqa illəri isə mənfəətlə başa vurub.
2020-ci ildə SOCAR-ın ümumi aktivlərinin dəyəri 64,2 milyard manat, cari aktivlərin dəyəri 18,3 milyard manat, uzunmüddətli aktivlərin dəyəri isə 45,9 milyard manat həcmində qiymətləndirilib, cari öhdəlikləri 20,6 milyard manat, uzunmüddətli öhdəlikləri isə 21,6 milyard manat olub. Hesabat ilində SOCAR-ın cəmi kapitalı 21,9 milyard manat, nağd pul vəsaitləri 6,2 milyard manat, ümumi öhdəliklərin ümumi aktivlərə nisbəti isə 66% təşkil edib.
Şirkətin 2020-ci ilin dekabrın 31-i tarixinə hazırlanmış maliyyə hesabatları nüfuzlu beynəlxalq audit şirkəti Ernst & Young Holdings (CIS) B.V. tərəfindən müsbət rəy veriləndən sonra ictimaiyyətə təqdim olunur.