"Sonuncu dəfə 23 dekabr 2009-cu il tarixində imzalanan fərmanla çeklərin tədavül müddəti artırılıb.
Beləliklə, çeklərin istifadə müddəti 2011-ci il yanvar ayının 1-də başa çatıb".
Ucnoqta.az xəbər verir ki, bu barədə əmlak məsələləri üzrə ekspert Mirdaməd Əzizov MediaBaku.az-a açıqlamasında bildirib.
- Özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılması hansı müsbət təsirlərə malik ola bilər?
- Çeklərin dövriyyəyə buraxılmasına 1996-cı il yanvarın 1-dən başlanılıb. Vətəndaşlara 31,9 milyon özəlləşdirmə çeki paylanılıb. 1997-ci il yanvarın 1-dək anadan olmuş hər bir vətəndaşa 4 çekdən ibarət özəlləşdirmə payı verilib. Çeklərin tədavül müddəti bir neçə dəfə uzadılıb. Belə ki, müvafiq fərmanlar ilə 2002-ci il yanvarın 1-nə, 2004-cü il iyulun 1-nə, 2008-ci il yanvarın 1-nə kimi çeklərdən istifadə müddəti artırılmışdı. Sonuncu dəfə 23 dekabr 2009-cu il tarixində imzalanan fərmanla çeklərin tədavül müddəti artırılıb. Beləliklə, çeklərin istifadə müddəti 2011-ci il yanvar ayının 1-də başa çatıb.
Dövriyyəyə buraxılmış çeklərin 20 faizi hələ də əllərdədir. Yəni, 6,38 milyon özəlləşdirmə çeki istifadə olunmayıb. Bunların əhəmiyyətli hissəsi şirkətlərdə, xüsusən də az saylı firmalarda olsa da, əhalinin də sərəncamında müəyyən sayda çeklər qalır. Hətta çeklərin istifadə müddəti başa çatandan sonra da onların "qara bazar"da qeyri-leqal alış-satışı həyata keçirilir. Ümumiyyətlə özəlləşdirmə haqqında Əmlak Xidmətinin nəşr etdiyi qəzetdə özəlləşdirilməyə çıxarılan müəssisələrin siyahısı və keçirilmə vaxtı göstərilir. Həmin çeklər özəlləşdirmədə istifadə olunur.
- Sizcə, özəlləşdirmə çekləri ilə bağlı tədavül müddətinin yenidən artırılmasına ehtiyac varmı?
- Qanunvericiliyə əsasən, çeklərdən istifadə müddətinin artırılması üçün ayrıca fərmana ehtiyac var. Doğrudur, son dövrlər kiçik və orta özəlləşdirmənin yenidən sürətlənməsi müşahidə olunur. Bu isə istifadə olunacağı halda çeklərə dolayı tələb yarada bilərdi. Təbii ki, 1996-cı ildə dövriyyəyə buraxılan özəlləşdirmə çeklərinin təhlükəsizlik elementlərinin həmin dövrün tələblərinə uyğun olması da problemin başqa tərəfidir. Bu, onların saxtasının hazırlanması risklərini artırır.
Bununla belə, özəlləşdirmə çeklərinin yenidən istifadəsinin mümkünlüyü ilə bağlı qanunverici bazaya baxılması mümkündür. Bu zaman çeklərin kiçik özəlləşdirmədə istifadə imkanlarına baxıla bilər. Amma bütün hallarda imkan olsa belə, bu, saxta çeklərin dövriyyəyə daxil olmasına şərait yaratmamalıdır.