"Daha yaxşı milli komandamız olacaq" - Şenol Günəş

00:20 - 21 İyun 2021 - İDMAN

"Bu turnirin uzun müddətdir gözləyirdik. Nəticəyə görə məyusuq".

Bu sözləri Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Avro-2020-nin qrup mərhələsinin son turunda Bakıda İsveçrəyə uduzduqları oyundan (1:3) sonra mətbuat konfransında deyib.

Qardaş ölkənin komandası Bakı Olimpiya Stadionundakı məğlubiyyətlə turnirlə xalsız vidalaşıb. Şenol Günəş bu uğursuzluğu belə şərh edib: "özümüzü göstərmək, yaxşı nəticə qazanamaq istəyirdik. Qrupdan çıxmaq bizim üçün hədəf idi. Ancaq turnirə pis başladıq. Bu gün daha yaxşı oynaya bilərdik. Amma qollar buraxdıq. Azarkeşlərimiz bizdən çox şey gözləyirdi. Bunu doğrulda bilmədik. Uelsə qarşı oyunla müqayisədə bu gün daha yaxşı idik.

Düşündüyümüzün tam əksi oldu. Bu gün toparlanmalı idik. Amma qol vura bilmədik. İsveçrənin də istedadlı oyunçuları var. Qalib gələ bilərdik. Həm Uelslə, həm İsveçrə ilə görüş İtaliya ilə matçın kölgəsində qaldı. Futbolçular da üzgündür. 1/8 finala çıxmalı idik. Lakin bacarmadıq. Bu turniri belə keçirmək məyusedicidir.

"Hesabda geri düşəndə sonra hücum etməkdənsə qol buraxdıq. Komandamız gəncdir. Onlara güvənirəm, inanıram. Burda nə desək, düz olmaz. Təcrübə çatmadı. Futbolçulara təşəkkür edirəm. Onların gələcəyi parlaqdır. Daha yaxşı milli komandamız olacaq. Oynadığımız uğurlu matçlar arxada qaldı. Buraya gələndən sonra onların əhəmiyyəti yoxdur. Bundan dərs almalı, təcrübə qazanmalıyıq. Daha çox çalışmalıyıq. Komanda uğur qazana bilmədi, gözləntiləri doğrultmadı”.

69 yaşlı mütəxəssis istefa vermək haqda düşünmədiyini də əlavə edib:“Qarşıda dünya çempionatının seçmə mərhələsi var. Mən raportumu sizə yox, federasiyaya verəcəyəm”.

Xəbər xətti