Hərbçilərimiz Türkiyəyə komanda kursuna yollandı - Foto

13:36 - 20 İyun 2021 - Xəbər

Azərbaycan ilə Türkiyə arasında mövcud olan “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından ibarət növbəti qrupun qardaş ölkədə keçirilən komando kursuna yola salınması mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, hərbi qulluqçular qarşısında çıxış edən müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibətilə şəxsi heyətə müdafiə nazirinin bayram təbriklərini çatdırıb. O, çıxışında dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazandığımız qələbənin tarixi əhəmiyyətindən, döyüşlərdə göstərilən qəhrəmanlıq və igidlik nümunələrindən danışıb.

Müdafiə nazirinin müavini Azərbaycanla Türkiyə arasında mövcud olan hərbi əməkdaşlığın əhəmiyyətini qeyd edərək komanda kursuna yollanan heyətə uğurlar arzulayıb.

Sonra Vətən müharibəsi zamanı döyüşlərdə fərqlənmiş bir qrup hərbi qulluqçu və qaziyə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təltif edilmiş orden və medallar təqdim olunub.

Şəxsi heyət adından çıxış edənlər Azərbaycan dövlətinə, xalqına, Ali Baş Komandana və Hərbi anda daim sədiq qalacaqlarını, bundan sonra da qarşıya qoyulan vəzifələri, verilən əmr və tapşırıqları yerinə yetirməyə hər an hazır olacaqlarını bildiriblər.


Xəbər xətti