Putin miqrantların Rusiyada qalma müddətini uzadıb

14:54 - 15 İyun 2021 - DÜNYA

Rusiya Prezidenti Vladimir Putin miqrantların hüquqi vəziyyətinin nizamlanması ilə bağlı müvəqqəti tədbirlərin görülməsi haqqında fərman imzalayıb.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, fərmana əsasən əcnəbilərin Rusiya ərazisində qalma müddəti 30 sentyabr 2021-ci il tarixinədək uzadılıb.

Fərmana görə, sentyabrın 30-dək ölkə qanunlarını pozmayan əcnəbilər deportasiya olunmayacaqlar. Miqrantlardan həmin tarixədək Rusiya ərazisində qanuni yaşamaqla bağlı sənədlərini qaydaya salmaq tələb olunur.

Rusiya ölkədə qalma müddəti bitən əcnəbilərə iyunun 15-dək Rusiya Federasiyası ərazisini tərk etmək barədə xəbərdarlıq etmişdi.
Bu gün isə ölkədə koronavirusla bağlı vəziyyətin yenidən gərginləşməsi ilə bağlı Rusiya prezidenti tərəfindən COVID-19 infeksiyasının yayılmasının nəticələrini aradan qaldırılması dövründə miqrantların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyətinin nizamlanması ilə bağlı müvəqqəti tədbirlərin görülməsi haqqında fərman imzalanıb.

Xatırladaq ki, Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə ərazisində 120 min azərbaycanlı miqrant qanunsuz fəaliyyət göstərir.

Xəbər xətti