Dünyanın ən populyar kriptovalyutası sayılan "Bitcoin"in məzənnəsinin illik zirvədən enməsi təxminən 50% təşkil edib.
"APA-Economics"in "RBC Capital Markets"ə istinadən verdiyi məlumata görə, ötən gün ticarət zamanı "Bitcoin"in dəyəri 32 601 ABŞ dollarına enmişdi, halbuki hələ aprelin ortalarında illik maksimum 64 895,22 dollara çatmışdı. Bazar ertəsi günü "Bitcoin" 35 231,52 dollara ticarət olunur.
Xatırladaq ki, "Bitcoin"in ucuzlaşması keçən həftə "Tesla"nın rəhbəri İlon Maskın bir neçə "twit"indən sonra başladı. Belə ki, o, "Tesla"nın artıq "Bitcoin"i ödəmə vasitəsi olaraq qəbul etməyəcəyini bildirib.
Bundan əlavə, Çin maliyyə qurumlarına və ödəmə şirkətlərinə kriptovalyutalarla hər hansı əməliyyatların aparılmasını qadağan edib. Bu da "Bitcoin" və digər kriptovalyutalara əlavə təzyiq göstərib.