Ana səhifə Mobil versiya
19 Sentyabr 2021

"Heç bir dərmanın 100 faizlik təsiri yoxdur" - Həkim

Professor Amaliya Əyyubova deyir ki, viruslara qalib gəlmək üçün hər bir insan özü-özünün həkimi olmalıdır

Yaz fəsli yekunlaşır, yay aylarına qədəm qoyuruq. Mövsüm dəyişiklikləri ilə bağlı bir sıra xəstəliklər də baş qaldırır. Qəribədir ki, adətən soyuq aylarda aktuallaşan xəstəliklərə ilin digər dövrlərində də rast gəlməyə başlamışıq. Ucnoqta.az xəbər verir ki, bu mövzuda müsahibimiz ATU-nun Tədris Terapevtik Klinikasının kafedra müdiri, Azərbaycan Allerqoloq, immunoloq və immunoreabilitasiya elmi cəmiyyətinin prezidenti, professor Amaliya Əyyubovadır.

- Məlumdur ki, son vaxtlar əksər xəstəliklərin mənbəyi virus infeksiyalarıdır. Mövsüm dəyişiklikləri zamanı bu tip xəstəliklərə, xüsusilə qripə uşaqlarda daha çox rast gəlinir. Bu infeksiyadan qorunmaq üçün nə etmək lazımdır?
- Ümumiyyətlə, son illər virusların sayı həddən artıq çoxalıbb. Misal üçün, 20 il bundan qabaq həkimlərimizin 30 virus haqqında məlumatı var idisə, indi onların sayı 500-ə qalxıb və müxtəlif növləri əmələ gəlib ki, bəzən həkimlər adlarını belə bilmirlər. Virusların ən dəhşətli xüsusiyyəti ondan ibarətdir ki, onlar çox asanlıqla inkişaf edir və yayılır. Məsələn, bir insan asqırdısa, o, 50 min nəfəri, o cümlədən də uşaqları yoluxdura bilər.

- Bəs nəyə görə bu virus yaz-payız aylarında aktivləşir?
- Ona görə ki, viruslar soyuq havada məhv olmurlar və immuniteti zəif olan uşaqlar tez-tez xəstələnirlər. Belə uşaqlarda istər anadangəlmə, istərsə də sonradan qazanılma immunitet zəif olur. Əlbəttə, virus özü ağır infeksiyadır. Götürək elə korona pandemiyasını. Bizim əvvəllər bu infeksiya haqda demək olar ki, məlumatımız yox idi. Bəlkə də tək-tək hallarda böyüklərdə və ya uşaqlarda olub. Lakin bu pandemiya haqqında geniş məlumatımız olmadığına və alimlər bu virus barədə öz sözünü demədiyinə görə biz də bilməmişik. Fikir vermisinizsə, bəzi adamlar deyir ki, bəlkə də məndə koronavirus olub, ayaqüstü küçirmişəm, bilməmişəm. Çünki ədəbiyyatda bu virusun adı olsa da, həkimlərin praktiki məlumatı olmayıb. Ancaq görün necə dəhşətli bir virusdur, bütün dünyanı bürüdü. Qripi biz çox görmüşük, onun epidemiyası da olub. Vaxtilə ən çox qış aylarında adamlar bu virusa tutulurdu, hətta işə çıxa bilmirdi, uşaqlar məktəbdən qalırdı. Lakin bu dərəcədə olmurdu. Deyək ki, əvvəllər qripdən nadir hallarda tək-tük adamlar ölə bilərdi. Bunlar da adətən elə uşaqlar olurdu ki, xroniki və yaxud irsi xəstəliyi vardı. Ancaq indi vəziyyət tamam başqadır. Ona görə də tibbin ən birinci vəzifəsi profilaktik tədbirlər görməkdir. Bu mənada, ilk sırada gigiyenik qaydalara əməl etmək gəlir. Yadınızdadırsa, pandemiyadan öncə də virusa yoluxanlara deyirdik ki, maska taxın. Maska müəyyən qədər virusun ətrafa yayılmasının qarşısını alırdı. Qrip olanlar ev şəraitində müalicə alırdı, başqaları ilə kontaktda olmurdular.

- Amaliya xanım, hazırki pandemiyadan öncə bu viruslara qarşı hansı dərmanlardan istifadə edilirdi?
- Əlbəttə ki, qripin də vaksinasiyası var. Əvvəllər ölkəmizə Rusiyadan və digər ölkələrdən vaksinlər gəlirdi. Biz tez-tez xəstələnən uşaqlara qripə qarşı 6 aydan bir bu vaksinləri vururduq. Hətta valideynlər maraqlanırdılar ki, növbəti vaksinlər nə vaxt gələcək. Yəni uşaqlar bu vəziyyətdə bir dəfə də xəstələnməzdi. Ancaq vaksin vurulmayan uşaqlar 2-3 aydan bir xəstələnirdi. İndi baxın, fərq nə qədərdir. Əlbəttə, hər bir infeksiya uşaqlara mənfi təsir göstərir. Onlar inkişafdan geri qalır, immunitetləri zəifləyir. Hələ o zamandan anaferon və elqaferon dərmanları var ki, bunlar həm müalicə, həm də profilaktik cəhətdən daha məsləhətli idi. Bu dərmanlardan istifadə edənlər ya qripə heç tutulmurlar, ya da xəstəliyi yüngül keçirirlər. Bunlar sınaqdan çıxmış preparadlardır. Heç bir fəsad vermir və biz indi də onlardan çox geniş istifadə edirik. Hətta həkimlər koronavirusun da yüngül keçirilməsində bu preparatları məsləhət görürlər. Başqa dərmanlar da var, məsələn, armidol. Eyni zamanda, mən həmişə həkimlərə və tələbələrimizə deyirəm ki, heç bir dərmanın 100 faizlik təsiri yoxdur. Ancaq dərmanlar virusların müəyyən qədər qarşısını alır və müsbət nəticəsini də görürük.

- Əvvəllər adətən qış aylarında bu xəstəlik baş qaldırırdı, indi bəzən yayda da qripə yoluxanlar olur... 
- Düzdür. Biz də əvvəllər fikirləşirdik ki, bunlar fəsil xəstəliyidir. Ancaq alimlər son zamanlar sübut elədi ki, viruslar il boyu havada var. Amma soyuq havalarda böyük miqdarda olursa, isti aylarda da tək-tək hallarda rast gəlinə bilər.

- Qripə qarşı hansı profilaktik tədbirləri görmək lazımdır?
- İnsanları maarifləndirmək vacib şərtlərdən biridir. Bəzən olur ki, insanlar həkim deyənə inanmırlar, ona riayət eləmirlər. Zəiflik, halsızlıq, qızdırma xəstəni narahat edir. Ən böyük səhv isə odur ki, qripə tutulmuş şəxslər evdə qalaraq, müvafiq müalicə almaq əvəzinə, öskürə-öskürə, burnu axa-axa işə getməkdə davam edir və yol boyunca ətrafındakıları da infeksiyaya yoluxdururlar.

Ümumiyyətlə, xəstəlikdən qorunmaq üçün gigiyena və geyim qaydalarına düzgün əməl edilməli və qidalanmaya ciddi riayət olunmalıdır. Virusa qalib gəlmək üçün hər bir insan, necə deyərlər, özünün həkimi olmalı və orqanizminin müdafiə qabiliyyətini artırmalıdır. Vitaminlərlə zəngin olan meyvə-tərəvəzlərdən istifadə etmək, əlləri tez-tez yumaq, qızdırma olduqda isə, yüngül qidalara üstünlük vermək lazımdır.   

Amma bütün mübarizə tədbirlərinə baxmayaraq, əgər xəstə qripi ağır keçirirsə, o zaman təcili yardım stansiyasına və ya ərazi poliklinika həkiminə müraciət olunmalı və müvafiq müalicə tədbirləri həyata keçirilməlidir.

Tarix
22 May 2021 [12:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-05-22 12:50:15
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin