Xaçmazda mağazadan oğurluq etmək istəyənlər tutuldular

12:27 - 19 Aprel 2021 - HADİSƏ

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin Xaçmaz Rayon Mühafizə Şöbəsinin əməkdaşları xidməti ərazidə yerləşən mağazaların birindən oğurluq edən şəxsləri iş başında saxlayıblar.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Xaçmaz rayon sakinləri - Hacımurad Süleymanov və Ceyhun Cəbrayılov gecə saatlarında rayon ərazisində yerləşən mağazaların birinə qanunsuz daxil olaraq oradan oğurluq etməyə cəhd ediblər.

Lakin onların bu əməlinin qarşısı həmin ərazidə xidmət aparan Xaçmaz Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən alınıb və həmin şəxslər iş başında yaxalanaraq, oğurluq zamanı istifadə etdikləri maddi sübutlarla birlikdə Xaçmaz Rayon Polis Şöbəsinə gətirilib.

Dindirilmə zamanı Hacımurad Süleymanov və Ceyhun Cəbrayılov törətdikləri cinayət əməlini etiraf ediblər.

Qeyd edilən faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.

 


Xəbər xətti