"Rusiya müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakov Qarabağda olub, Xankəndidə sülhməramlılar üçün inşa edilmiş blok-modul şəhərciyinin açılışında iştirak edib. Rus general açılışda bunu deyib: “25 belə qəsəbənin avadanlıqlarını tamamlayırıq, istismara vermə və tənzimləmə işləri davam edir. 5 aprel tarixindən gec olmayaraq hər şey istifadəyə veriləcək, yəni bütün sülhməramlılarımız təchiz ediləcək”. O da vurğulanıb ki, Rusiya müdafiə naziri Sergey Şoyqunun qərarı ilə Dağlıq Qarabağda səyyar xəstəxana tikilir."
Ucnoqta.az xəbər verir ki, bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Politoloq, Rusiya müdafiə nazirini müavininin Azərbaycandan icazəsiz Xankəndinə gəlməsinin doğru olmadığını bildirib:
"Normalda necə olmalı idi? Rusiya müdafiə nazirinin müavini Xankəndiyə gəlməmişdən öncə Bakıya gəlməli, azərbaycanlı həmkarıyla görüşməli və Dağlıq Qarabağa səfərinin məqsədini bəyan etməli idi.
O da izah olunmalı idi ki, 10 noyabr bəyanatında rusiyalı hərbçilərin Dağlıq Qarabağda sayı 1960 nəfər göstərildiyi halda, Dağlıq Qarabağda hərbi şəhərciklərin sayı niyə artır? Normalda rusiyalı general Xankəndidə açılışlar edərkən yanında Azərbaycanın müdafiə nazirinin müavini də dayanmalı idi..."