29 mart 2021-ci il tarixində “AzerGold” istiqrazlarının növbəti faiz ödənişi həyata keçirilib. Ümumilikdə 200 min ABŞ dolları həcmində vəsait istiqraz sahibləri arasında bölüşdürülüb.
Bu barədə Ucnoqta.az-a “AzerGold” QSC-dən bildirilib.
Xatırladaq ki, ötən il tədavülə buraxılmış istiqrazlar qeyri-neft sənayesinin liderlərindən biri olan “AzerGold” QSC-nin yeni layihələrinin icrasına yönəldilməsi ilə yanaşı ölkənin qiymətli kağızlar bazarının inkişafına töhfə vermək, eləcə də vətəndaşlara mənfəətli və etibarlı investisiya imkanları yaratmaq məqsədinə xidmət edir.
Belə ki, yerli bankların xarici valyutada əmanətlər üçün təklif etdiyi illik faiz dərəcələrindən daha yüksək - 4 faiz gəlirlilik vəd edən “AzerGold” istiqrazları geniş xalq kütləsi üçün əlçatan investisiya alətidir. Ümumi emissiya həcmi 20 milyon ABŞ dolları olan istiqrazların bir ədədi üzrə 100 ABŞ dolları nominal qiymətində ticarət olunması şirkətlərlə bərabər məhz siravi vətəndaşlarımız üçün də əlavə gəlir qazanmaq fürsəti yaradıb.
3 illik tədavül müddəti ərzində ildə 4 dəfə olmaqla sabit gəlir qazandıran, tədavül müddətinin sonunda istiqrazların nominal dəyərini geri almaq hüququ verən “AzerGold” istiqrazları üzrə növbəti rüblük faiz ödənişi isə cari ilin iyun ayında baş tutacaq.