Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” blokunda qazılan kəşfiyyat quyusunda 7189 metr dərinlikdə kompleks tədqiqat işləri aparılıb və ilk qaz-kondensat ehtiyatları aşkar edilib.
SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bununla da yataqda Fasilə layının qazılması uğurla tamamlanıb. Eyni zamanda, yatağın ehtiyatlarını tam şəkildə müəyyən etmək məqsədilə strukturun tağı istiqamətində əlavə bir qiymətləndirici yan lülənin qazılması üçün müvafiq texniki layihələndirmə aparılacaq.
“Şəfəq-Asiman” blokunda kəşfiyyat işləri SOCAR və bp şirkətlərinin birgə layihəsi çərçivəsində həyata keçirilir. Yataq üzrə Hasilatın Pay Bölgüsü Sazişinin kəşfiyyat proqramına uyğun olaraq, qazma əməliyyatı dənizin 623 metr dərinliyində bp şirkətinin operatorluğu ilə aparılmış və SOCAR-ın törəmə şirkəti olan Caspian Drilling Company tərəfindən Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsi ilə yerinə yetirilib. Quyuda qazma işlərinə 11 yanvar 2020-cı il tarixində başlanılıb.
Xatırladaq ki, “Şəfəq-Asiman” yatağı Bakıdan 125 km cənub-şərqdə yerləşir. Blok 1100 kvadrat metr ərazini əhatə edir. Burada dənizin dərinliyi 650-800 metr təşkil etməkdədir. “Şəfəq-Asiman” strukturu 1961-ci ildə aparılmış seysmik kəşfiyyat vasitəsi ilə aşkar olunub. 7 oktyabr 2010-cu il tarixində SOCAR və bp şirkətləri arasında “Xəzər dənizinin Azərbaycan sektorunda Şəfəq-Asiman dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” haqqında saziş imzalanıb. Sazişin müddəti 30 il, tərəflərin hər birinin iştirak payı 50% müəyyən edilib. Sazişə əsasən bp şirkəti 2012-ci ildə “Şəfəq-Asiman” blokunda 3D seysmik ölçü işlərini yerinə yetirib. Əldə edilmiş məlumatların emalı və interpretasiyası əsasında tərəfdaşlar strukturda qazılacaq ilk kəşfiyyat quyusunun yerini müəyyənləşdirib və 2020-ci ildə quyunun qazılmasına başlanılıb.