Neft qiymətləri ötən gün 2,5 faizlik artımdan sonra bu gün azalmağa başlayıb.
Bakı vaxtı ilə saat 15:19-a olan vəziyyətə görə, “Brent” markalı neftin may fyuçersləri 0,36 faiz ucuzlaşaraq 69,38 ABŞ dollarından, WTI markalı neftin aprel fyuçersləri də eynilə 0,36 faiz ucuzlaşaraq 65,78 dollardan satılıb.
Ötən gün iqtisadiyyatın bərpasına dair ümidlərin təsirilə artan neft qiymətləri əks-təsir nəticəsində bir qədər azalsa da, 2020-ci ilin yanvar ayından bu yana ən yüksək həddə qalır. Bütövlükdə OPEC+ formatı çərçivəsində hasilatı mövcud səviyyədə saxlamaq qərarı, koronavirusa qarşı peyvəndləmənin davam etməsi, hökumətlərin iqtisadiyyata dəstək tədbirləri görməsi neft bazarında nikbin ovqatının davam etməsini şərtləndirir.
Xatırladaq ki, dünən ABŞ prezidenti Cozef Bayden 1,9 trilyon dollar həcmində dəstək proqramını təsdiq edib ki, bu proqram çərçivəsində koronavirus üzündən zərər çəkmiş bir çox vətəndaşa 1 400 dollarlıq birbaşa yardım da var. Avropa Mərkəzi Bankı da dünən faiz dərəcəsini sıfır səviyyəsində saxlayaraq aktivləri satınalma proqramı PEPP-nin (Pandemic Emergency Purchase Programme) göstəricilərinə dəyişiklik etməyib.///report