Neft OPEC+in qərarına əsasən bahalaşır

15:11 - 5 Mart 2021 - İQTİSADİYYAT

OPEC+in neft hasilatının azaldılması ilə bağlı mövcud razılaşmaları qüvvədə saxlamağa qərar verməsindən sonra neft qiymətləri cümə günü səhər saatlarında öncəki günün axşam dinamikasını davam etdirərək davamlı şəkildə artır.

“Report” “Prime”a istinadən xəbər verir ki, Şimal dənizindən hasil olunan “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 1% bahalaşaraq bir barel üçün 67,41 ABŞ dollarına, WTI markalı neftin aprel fyuçersləri isə 0,99% dəyər qazanaraq 64,44 dollar/barelə çatıb.

İnvestorlar son OPEC+ iclasının nəticələrindən faydalanmağa davam edirlər. Qeyd edək ki, martın 4-də alyans aprel ayında hasilatı artırmamağa qərar verib (analitiklər gündəlik 0,5 milyon barel artım gözləyirdi), Səudiyyə Ərəbistanı da gündəlik əlavə 1 milyon barel ixtisar səviyyəsini davam etdirəcək.
Üstəlik, OPEC+ ölkələri apreldə Rusiyada neft istehsalının gündəlik 130 min barel, Qazaxıstanda isə 20 min barel artırılmasına razı olublar.

Xatırladaq ki, OPEC+ koronavirus pandemiyası səbəbindən tələbatın azalması ilə əlaqədar ötən ilin may ayından bəri neft hasilatını gündəlik 9,7 milyon barel azaldıb. Tələbat bərpa edildikcə məhdudiyyətlər korrektə olunub və mart ayında ixtisar səviyyəsi gündəlik 7,05 milyon barel təşkil edib. Fevral və mart aylarında yalnız Rusiya və Qazaxıstan istehsalı bir qədər artırmaq fürsəti əldə edib. Razılaşmalara görə, ixtisar üçün baza səviyyə 2018-ci ilin oktyabrındakı səviyyə, Rusiya və Səudiyyə Ərəbistanı üçün isə gündəlik 11 milyon barel göstəricisi götürülüb.

Xəbər xətti