Qaxın İlisu kəndində qarın qalınlığı 40 santimetrə çatır - FOTO

13:40 - 18 Fevral 2021 - ÖLKƏ İÇİ

Fevralın 17-si axşam saatlarından başlayaraq Azərbaycanın şimal-qərb bölgəsinin dağlıq və dağətəyi ərazilərinə qar yağır. Havanın temperaturu xeyli aşağı düşüb.

Qax rayonunun dağlıq ərazilərinə, eləcə də Qax şəhərinə daha çox qar yağıb. Hazırda İlisu kəndində qarın qalınlığı 40 santimetr, Qax şəhərində isə 15-20 santimetrədək təşkil edir. Gecə saatlarında rayona elektrik enerjisinin verilməsində fasilə yaransa da, səhər saatlarında rayon ərazisinə elektrik enerjisinin verilməsi əsasən bərpa olunub. Yaşayış məntəqələrinin təbii qazla təchizatı da normal qaydada davam edir.

Havaların qeyri-sabit, qarlı keçməsi ilə əlaqədar Qax rayonunun yol təsərrüfatının işçiləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər. Qax-İlisu, Qax-Qaşqaçay-Armudlu, Qax-Şəki, Qorağan-Qax-Zaqatala avtomobil yollarında nəqliyyatın fasiləsiz hərəkətinin təmin olunması üçün Avtomobil Yolları Dövlət Agentliyinin 13 nömrəli “Yol İstismar” MMC tərəfindən lazımi tədbirlər görülüb. Avtomobil yolları texnikanın köməyi ilə qardan təmizlənib, yollara duz-qum qarışığı səpilib. Görülmüş tədbirlər nəticəsində həmin istiqamətlərdə nəqliyyatın hərəkətində heç bir çətinlik yaranmayıb.

Hazırda rayon ərazisində qar yağmaqda davam edir. (AZƏRTAC)


Xəbər xətti