Bakıda "Cənub Qaz Dəhlizi" üzrə müzakirələr başlayır

09:37 - 11 Fevral 2021 - İQTİSADİYYAT

Bu gün Bakıda videokonfrans formatında "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin VII iclası keçiriləcək.

Ucnoqta.az xəbər verir ki, Məşvərət Şurasının builki toplantısında Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson, Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi, həmçinin ABŞ, Albaniya, Birləşmiş Krallıq, Bolqarıstan, Bosniya və Herseqovina, Gürcüstan, Xorvatiya, İtaliya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Türkiyə, Türkmənistan və Yunanıstandan yüksək səviyyəli nümayəndələrin iştirakı gözlənilir.

Tədbirə layihədə iştirak edən şirkətlərin, Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Avropa İnvestisiya Bankının, Asiya İnkişaf Bankının, Asiya İnfrastruktur İnvestisiya Bankının və digər beynəlxalq maliyyə qurumlarının da qatılması nəzərdə tutulur.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VII toplantısı açılış mərasimi və salamlama nitqlərindən sonra layihə üzrə görülmüş işlərə, həmçinin layihənin perspektivlərinə həsr olunmuş iki plenar sessiya ilə davam etdiriləcək.

Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı 2018-ci il fevralın 15-də, beşinci toplantı 2019-cu il fevralın 20-də, altıncı toplantı isə 2020-ci il fevralın 28-də keçirilib.

Xəbər xətti