Asiya İnkişaf Bankı (ADB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramına qoşulmuş ölkələr üçün yol hərəkəti təhlükəsizliyi təşəbbüslərini dəstəkləyən və inkişafını nəzərdə tutan texniki dəstək layihəsini həyata keçirəcək.
Trend bu barədə Bank-a istinadən məlumat verir.
Qeyd olunur ki, bu layihə Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Özbəkistan və başqa ölkələrdə icra ediləcək və büdcəsi 1,5 milyon dollar təşkil edir.
Məlumata əsasən, layihə regional siyasət üzrə dialoqu asanlaşdıracaq. Layihə yol təhlükəsizliyi üzrə meydana gələn çətinliklərə qarşı koordinasiya edilmiş yanaşma və bilik mübadiləsinə şərait yaradacaq.
Bildirilir ki, CAREC-ə üzv ölkələrdə həm infrastruktura, həm də təhlükəsiz sistem yanaşmasının digər elementlərinə toxunan yol təhlükəsizliyi layihələri üçün imkanları araşdıracaq. Texniki dəstək layihəsi ADB-nin 2030-cu il strategiyasına, CAREC-ə üzv ölkələr üçün Nəqliyyat Strategiyasına, ADB-nin Regional Əməkdaşlıq və İnteqrasiya üzrə 2019-2024-cü illər üçün nəzərdə tutulan Əməliyyat Planına uyğundur.