"İranın ali dini lideri Ayətullah Əli Xamneyinin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyulması çağırışı alqışlanmalıdır və buna görə İran rəhbərinə təşəkkür edirəm. Lakin, nəzərə alaq ki, bu İranin bizə lütfi və ətası yox, Beynəlxlaq hüququn tələbidir".
Ucnoqta.az xəbər verir ki, bu fikirləri millət vəkili Bəhruz Məhərrəmov Milli Məclisin bu gün keçirilən iclasında səsləndirib. Millət vəkilinin sözlərinə görə, Ali lider bu çıxışı ilə Azərbaycanı yox beynəlxalq hüququ müdafiə etmiş oldu:
"Çünki Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması tələbi BMT qətnamələrində, AŞPA-nın, AHİM-in qərarlarında təsbi edilmiş göstərişlərdir və bunun əksini söyləmək beynəlxalq hüquqa hörmətsilikdir. Yəni bu bəyanat Azərbaycana dəstək yox Beynəlxalq Hüquqa sadiqlik nümayişidir.
İranın Azərbaycana dəstəyinə gəlincə, ondan başlayaq ki, İran Ermənistan üçün nəfəs borusudur. Təsssüf ki, Ermənistana silah sursat daşınmasının böyük qismi İran ərazisindən həyata keçirilir.
Habelə, Ermənistanda yanacaq təminatına İranın töhfəsi danılmazdır. Əlbətdə biz iki dövlət arasında münasibətə qarışa bilmərik, lakin, bu tərəflərdən biri təcavüzkardırsa, işğalçıdırsa gərək İran təcavüzkara yardımı təcavüzə yardım, təcavüzkarla əməkdaşlıq kimi qiymətləndirsin".
Bəhruz Məhərrəmov qeyd edir ki, bəyanatda anlaşılmaz qalan daha bir məqam, İran liderinin bölgədə, müharibə zonasında terrorçulardan danışaraq, təhdidlər sovurması oldu: "Mən inanmaq istəyirəm ki, İran terrorçular dedikdə Fransa və Rusiya tərəfindən yayılan fake xəbərlərə istinad etmir. Ümid edirəm ki, cənab Xamneyi "terrorçular" dedikdə bir qismi zamanında məhz İran üzərindən Ermənistana və Qarabağa keçmiş PKK, ASALA və s. teror təşkilatlarının üzvlərini nəzərdə tutur və məhz onları bölgə üçün, habelə İran üçün təhdid hesab edir. Düşünürəm ki, İran kimi böyük ənənəsi olan bir dövlətin rəhbəri bunu daha açıq formada deyə bilərdi. Bu mənada İran rəsmilərindən bu mövzuda açıqlama verməsi yaxşı olar"- deyə millət vəkili vurğulayıb.