Bu gün Londonun “İCE Futures” birjasındakı hərrac zamanı Bakı vaxtı ilə saat 9.07-də “Brent” markalı neftin dekabr fyuçersləri 1,45 faiz ucuzlaşaraq 42,03 ABŞ dollarından satılıb.
“Report” xəbər verir ki, bazar ertəsi günü həmin müqavilələr 5,1 faiz, ötən gün isə 3,3 faiz bahalaşaraq 42,65 dollaradək yüksəlmişdi.
Həmçinin Nyu York Əmtəə Birjasındakı (NYMEX) elektron hərracın əvvəlində “WTI” markalı neftin noyabr fyuçersləri 1,79 faiz ucuzlaşaraq 39,94 ABŞ diollarından satılıb. Həmin fyuçerslər bazar ertəsi günü 5,9 faiz, ötən gün isə 3,7 faiz bahalaşaraq 40,67 dollardan satılırdı.
Neftin dünənki bahalaşması Meksika körfəzindən şimal istiqamətində hərəkət edən və bu həftənin cümə gününədək ABŞ sahillərini vuracağı ehtimal olunan Delta qasırğasına dair xəbərlərlə əlaqələndirilir. Bununla bağlı ötən gün Meksika körfəzində fəaliyyət göstərən platformların 29,2 faizinin dayandırıldığı bildirilir. Həmçinin Norveçdəki tətil üzündən “Equinor” şirkətinin daha əvvəl Şimal dənizindəki dörd yataqda işlərini dayandırması da təklifə dair şübhələri gücləndirdi.
Dünən ABŞ Prezidenti Donald Tramp iqtisadiyyata dəstəklə bağlı yeni tədbirlərə dair danışıqların 3 noyabr seçkilərinədək dayandıldığını açıqlayıb. Amerika Neft İnstitutu (APİ) dünən bildirib ki, 25 sentyabr – 2 oktyabr ərzində ölkədəki neft ehtiyatları 951 min barel artıb, benzin ehtiyatları isə 867 min barel, distilat ehtiyatları 1,03 milyon barel azalıb.
“S & P Global Platts” tərəfindən dindirilən ekspertlərin qənaətincə hökumətin bu gün axşam (Bakı vaxtı ilə saat 18.30-da) açıqlanacaq rəsmi məlumatında ötən həftə neft ehtiyatlarının 2 milyon barel, benzin ehtiyatlarının 800 min barel, distilat ehtiyatlarının 2,9 milyon barel azaldığı göstəriləcək.