Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində Bakı çimərliklərində “Xəzəri qoruyaq” şüarı ilə növbəti təmizlik aksiyası keçirilib. “Coca-Cola”, Bakcell, PASHA Bank, “Carlsberg”, “AzEcol” şirkətləri, ASAN Xidmət və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunan aksiya Bakının 20 müxtəlif çimərliyində baş tutub. Tədbirə qatılan və dəstək olan digər qurumlar sırasında “ASAN Könüllüləri”, Azərbaycan Dövlət Reklam Agentliyi, ASAN Radio, AFFA, Milli Olimpiya Komitəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası da var. Ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə qayğını təbliğ edilməsi məqsədilə həyata keçirilən tədbir çərçivəsində bu il Bilgəh, Novxanı, Mərdəkan, Pirşağı, Şıxov, Hövsan və Sumqayıt ərazisində olan çimərliklər tullantılardan təmizlənib. Sosial məsafənin qorunmasını təmin etmək üçün bu dəfə təmizlik aksiyasında iştirak edən könüllülər 10 nəfərdən ibarət kiçik qruplara bölünərək fərqli məkanlarda təmizlik işləri aparıblar. Nəticədə 5 min ton həcmində tullantı toplanaraq təkrar emala və utilizasiyaya yönləndirilib.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına uyğun olaraq sahilyanı təmizlik aksiyasının bütün iştirakçıları tibbi maska və antiseptik vasitələrlə təmin olunub. Sosial məsafənin qorunması ilə yanaşı ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə mövcud məhdudiyyətlər nəzərə alınıb. Bütün aksiya iştirakçıları təşkilatçılar tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin təmizlik ləvazimatları ilə təmin olunub.
Qeyd edək ki, Bakcell şirkəti artıq uzun illərdir ki ardıcıl olaraq bu aksiyada iştirak edir. Korporativ sosial məsuliyyətli şirkət olan Bakcell bu hərəkata qoşulan ilk mobil operator kimi ölkədə ekologiya sahəsində maarifləndirmə fəaliyyətinin həyata keçirilməsinə, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına öz töhfəsini verir.