Övladı ölən şəxs: “Şikayət etməyəcəyəm”

12:58 - 8 Dekabr 2016 - Xəbər

Qəza zamanı xəsarət alan Əbdulbağır Bağırovun ayağı sınıb. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının (ATU TCK) Travmatologiya və ortopediya şöbəsinə yerləşdirilib. Ə.Bağırovun həyat yoldaşı Günel Bağırova isə xəstəxanadan evə buraxılıb.
Ə.Bağırov “Report”un əməkdaşı ilə söhbətində qəzanın necə baş verməsinin yadında olmadığını deyib: “Şokdaydım. Yaxşı ki, digər iki azyaşlı uşağım maşında olmayıb. Ölən 6 aylıq Xalid Bağırov isə sonuncu övladım idi. Qəzanı törədən sürücüdən şikayət etmədim, etməyəcəm də. Çünki hamının başına gələ biləcək işdir”.


10:37
Bakıda ailə üzvlərinin qəzaya düşməsi, bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən qəzanın bəzi təfərrüatı məlum olub.
"Report"un xəbərinə görə, qəza ötən gün saat 16 radələrində baş verib. Qəzaya səbəb olan "BMW" markalı 90 OH 111 dövlət qeydiyyat nişanlı maşının sürücüsü Balayev Emil Nazim oğlunun idarə etdiyi avtomobillə yüksək sürətlə hərəkət edib. Suraxanı Rayon Polis İdarəsindən "Report"a verilən məlumata görə, bu hadisə ilə bağlı hələ ki, saxlanılan yoxdur. Yalnız təyin olunan avtotexniki ekspertizanın rəyindən sonra qəzada kimin günahkar olduğu müəyyən olunacaq. E.Balayev sərxoşluğun yoxlanılması üçün müvafiq məntəqəyə dəvət edilib. Yaralılar dindirilib. Araşdırmalar davam etdirilir.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi də (DİN) məlumat yayıb. Məlumatda bildirilib ki, dekabrın 7-də saat 16 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsində Bakı şəhər sakinləri Emil Babayevin idarə etdiyi "BMW" və Əbdülbağır Bağırovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə Ə.Bağırov və sərnişinləri, həyat yoldaşı Günel və oğlu Xalid xəstəxanaya yerləşdiriliblər. Xalid orada ölüb, digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.
Qeyd edək ki, "Qafqazinfo.az" Emil Balayevin "Qarabağ" futbol klubunun qapıçısı olduğu xəbərini yayıb.
Xatırladaq ki, hadisə nəticəsində Əbdulbağır Bağırov və həyat yoldaşı Günel Bağırova yaralanıb, onların 6 aylıq oğlu Xalid Bağırov isə dünyasını dəyişib.


 09:30
 Bakıda bir ailənin bütün üzvləri qəzaya düşüb.
"Report"un xəbərinə görə, hadisə Suraxanı rayonu Əmircan qəsəbəsində qeydə alınıb.
Belə ki, Əbdulbağır Bağırov marketə daxil olmaq üçün idarə etdiyi "Mercedes" markalı avtomobilini yol kənarında saxlayıb. O, geri qayıdaraq maşınına əyləşmək istəyib. Bu zaman yüksək sürətlə gələn "BMW" markalı avtomobil Ə.Bağırovun yol kənarında hərəkətsiz vəziyyətdə dayanmış maşınına çırpılıb. Nəticədə piyada qismində Ə.Bağırov, o cümlədən "Mercedes" markalı avtomobildə olan onun həyat yoldaşı Bağırova Günel Məzahir qızı ağır xəsarət alıb. G.Bağırovanın qucağında olan 6 aylıq Bağırov Xalid Əbdulbağır oğlu isə avtomobildən bir neçə metr kənara düşərək ölüb.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Xəbər xətti