Sahib Məmmədov AHİK-nin yeni sədri seçildi

12:23 - 26 Avqust 2024 - Cəmiyyət

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yeni sədri vəzifəsinə Sahib Məmmədov seçilib. 

Ucnoqta.az xəbər verir ki, bununla bağlı məsələ AHİK-in avqustun 26-da keçirilən növbədənkənar VII qurultayının gündəliyinə daxil edilib. 

Səttar Suliddin oğlu Möhbalıyevin sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirakı ilə bağlı vaxt çatışmazlığı səbəbindən AHİK-in sədri vəzifəsindən istefası məsələsi qəbul edilib və qurultay iştirakçıları bu vəzifəyə Sahib Əli oğlu Məmmədovun namizədliyinə yekdilliklə səs veriblər. 

Qeyd edək ki, Sahib Əli oğlu Məmmədov 1978-ci ildə anadan olub və Kiyev Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. 2014-cü ildən İqtisadiyyat Nazirliyində çalışan Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini təyin edilib. "Dövlət qulluğunda fərqlənməyə görə" və "Tərəqqi" medalları ilə təltif olunub. 

Xəbər xətti