"Azərişıq" ASC-dən abonent məmnuniyyətsizliyi

14:36 - 30 İyul 2024 - Cəmiyyət

"Azərişıq" ASC-dən abonentlərin şikayətləri getdikcə artır. Digər kommunal qurumlar hansısa təmir işləri apardıqda abonentlərə bununla bağlı SMS bildiriş göndərir, rəsmi səhifəsində və ya sosial şəbəkə üzərindən məlumat paylaşır. "Azərişıq" ASC isə abonentlərə qarşı etinasız münasibət göstərərk hansısa profilaktik işlərin görülməsi və ya cari təmirlə bağlı heç bir xəbərdarlıq yaymır. Hətta xəbər verdiyimiz kimi, ASC vətəndaşların elektrik sayğaclarını dəyişdirilməsini gizli şəkildə edərək, köhnə sayğacın dəyişdirilərək yeni smart sayğac quraşdırılması barədə müqavilə belə bağlamağa lüzum görmədi.

Ucnoqta.az xəbər verir ki, "Azərişıq" ASC-nin vətəndaşlara qarşı növbəti etinasızlığı barədə məlumat daxil olub. Bildiyimiz kimi son illər Azərbaycanda rəqəmsallaşma sürətlə genişlənir, onlayn tədris, təhsillə bağlı onlayn müsahibələr keçirilir. Təəssüf ki, "Azərişıq" ASC-nin xəbərdarlıqsız apardığı "cari təmir" işləri işıqların günaşırı kəsilməsi ilə nəticələnir. Bu isə vətəndaşların müvafiq onlayn xidmətlərdən yararlanmağına əngəl yaradır, haqlı narazılığa səbəb olur.

Saytımıza müraciət edən Xəzər rayonu Binə qəsəbəsi, Sovxoz yaşayış massivində yaşayan şikayətçi də övladının onlayn müsahibə zamanı elektrik enerjisinin kəsilməsi səbəbindən mobil internetdən istifadə etməli olub ki, bu da müsahibənin keyfiyyətsiz alınmasına səbəb olub. Şikayətçi işıqların son bir ay ərzində demək olar ki, hər gün kəsildiyini də diqqətə çatdırdı.

Qeyd olunan ərazidə cari təmir aparılacağı ilə bağlı "Azərişıq" ASC-nin rəsmi və sosial şəbəkə hesabında araşdırma aparsaq da belə bir məlumata rast gəlmədik. ASC-nin Bakı şəhərində iyul və avqust aylarında planlı təmir aparacağı ərazilərin siyahısında isə ümumiyyətlə Binə qəsəbəsinin adı yoxdur. Maraqlı olsa da, burada fərqli dildə yazılan qeydə də rast gəldik (foto aşağıda).

"Azərişıq" ASC vətəndaşlar üçün elektron kabinet yaratsa da qurumun bu xidmətindən də kifayət qədər yararlanmaq mümkün deyil. Belə ki, sayğaca yüklənən məbləğ, istifadə olunan məbləğ elektron kabinetdə əks olunmur. 

Sadalanan problemləri nəzərə alsaq "Azərişıq" ASC niyə gizlicə sayğacları dəyişir və işıqları söndürür? Belə çıxır ki, “Azərişıq” ASC ölkədə etibarlı elektrik enerjisi təminatçısı kimi abonent məmnuniyyətinə nail ola bilmir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Xəbər xətti