Arda və Arin bu tədris ilini uğurla başa vurdular. Yay tətilində onları Maralgölə aparmağımı çoxdan xahiş etmişdilər. Mən də qərara gəldim ki, balacalara bir sürpriz edim. Bilirdim ki, Avropada qatarla səyahət etməyi çox sevirlər. Elə buna görə də bu dəfə yolu qatarla getməyi seçdim və birinci sinif biletləri aldım.
Nəhayət, yola düşəcəyimiz gün gəldi. Üç dost Bakı Dəmiryol Vağzalına gəldik. Qatarın hərəkətinə təxminən 35 dəqiqə qalırdı. Gözləmə zalına keçmək istəyəndə bildirdilər ki, zal təmirdədir.Elə bu vaxt Arda sanitar qovsagina getmək istədiyini dedi. Bizə başqa gözləmə zalını göstərdilər. orda da sanitar qovşağının olmadığını, yalnız bayırda olduğunu dedilər. Getdik, çatanda qapıda dayanan əməkdaş ödənişin yalnız kart vasitəsilə mümkün olduğunu bildirdi.
Yanımda nağd pul var idi, kartımı yenilənməyə verdiyim üçün üzərimdə deyildi. Xahiş etdim ki, ödənişi nağd qəbul etsinlər. Mümkün olmadığını dedilər. Hətta təklif etdim ki, pulu mən verim, ödənişi isə öz kartları ilə etsinlər. Buna da razılaşmadılar. Səbəb isə belə oldu: “Kamera məni çəkir”.
Soruşdum ki, bəs vağzalda pulsuz sanitar qovşağı yoxdur?
“Yoxdur”, – deyə qəti cavab aldım. Bu zaman içəri polis əməkdaşı daxil oldu. Vəziyyəti görüb dedi: “Mənim kartımla keçsin”.
Elə həmin an əməkdaş fikrini dəyişdi və “Lazım deyil” deyərək uşağın içəri keçməsinə icazə verdi. Bütün bu mübahisədən sonra…
Doğrusu, səyahətimizin belə başlamasını istəməzdim.
Hadisədən sonra maraq məni rahat buraxmadı. Vağzalın müxtəlif əməkdaşlarından soruşdum: doğrudanmı burada pulsuz sanitar qovşağı yoxdur? Aldığım cavablar fərqli idi. Kimisi “bilmirəm”, kimisi isə “yoxdur” dedi. Nəticədə pulsuz sanitar qovşağı tapa bilmədim.
Vağzal həqiqətən gözəldir: yeni qatarlar, səliqəli və rahat görünən interyer… İlk baxışdan hər şey Avropa standartlarını xatırladır. Amma Avropada qatarla səyahət edənlər yaxşı bilirlər ki, orada əsas diqqət yalnız gözəl binalara və müasir qatarlara deyil, həm də insanın rahatlığına yönəlib. İnfrastruktur insan üçün qurulur.
Bizdə isə bəzən elə təəssürat yaranır ki, gözəllik var, amma insan unudulur.
Beş nəfər üçün birinci sinif biletlərinə 600 manatdan çox pul ödəmişdim. Düşünürdüm ki, bu xidmət özünü hər detalda göstərəcək. Ancaq ilk qarşılaşdığımız problem göstərdi ki, keyfiyyətli xidmət yalnız komfortlu vaqonlardan ibarət deyil.
Yol boyu rəhbərlik etdiyim qəzetdə bir vaxtlar müxbir kimi fəaliyyət göstərən, bu gün isə Azərbaycan Dəmir Yollarına rəhbərlik edən Rövşən Rüstəmovu xatırladım. Öz-özümə düşündüm ki, əgər o, bu gün də jurnalist olsaydı və onu vağzaldan reportaj hazırlamağa göndərsəydim, necə bir yazı hazırlayardı?
Xatırlayıram, o, sərt tənqidi, eyni zamanda sadə vətəndaşların ürəyinə toxunan yazıları qələmə alardı. Yəqin ki, bu dəfə də müasir qatarlarla yanaşı, sərnişinlərin qarşılaşdığı problemləri də işıqlandırardı. Axı yaxşı jurnalist vitrini deyil, reallığı göstərməlidir. Bilmirəm, bəlkə kreslo onu da dəyişib.
Mən müasir qatarların alınmasına, vağzalların yenilənməsinə qarşı deyiləm. Əksinə, bunlar sevindirici addımlardır. Amma ən sadə ehtiyacın – sanitar qovşağından istifadənin belə problemə çevrilməsi düşündürücüdür. Bu gün sanki hər addım ödəniş tələb edir: parkinq, dayanacaq, sanitar qovşağı…
Gözəlliyi sevirəm, ancaq insanın rahatlığına xidmət etməyən gözəllik natamamdır.
Fikrimcə, yaradılan hər bir şərait ilk növbədə insanın rahatlığına, ləyaqətinə və ehtiyaclarına xidmət etməlidir. Çünki puldan daha qiymətli olan insanın özüdür.
Gəncəyə bu düşüncələrlə çatdım. Dönüşdə isə artıq qatarı seçmədim.
Maşınla qayıtdım. Həm daha sərfəli oldu, həm də yolboyu belə narahatlıqlar yaşamadım.
