“Vaxtaşırı maarifləndirici tədbirlər təşkil etmək lazımdır”

18:16 - 29 İyun 2020 - KİVDF

Vətəndaş cəmiyyətləri autizmli uşaqların gələcəyə hazırlanmasında önəmli rol oynayır

Cəmiyyətin inkişafı həm də fiziki, sosial məhdudiyyəti  olan insanların reabilitasiyası  və cəmiyyətə adaptasiyasının düzgün təşkili ilə təzahür olunur. Bu mənada cəmiyyətdə ictimai, sosial-psixoloji münasibətlər sisteminin düzgün qurulmasında əsas faktor olan vətəndaş və vətəndaş cəmiyyətləri institutlarının üzərinə böyük məsuliyyət düşür.

Yalnız qüsurlu cəmiyyət məhdudiyyətləri  qüsur kimi təqdim edir. Vətəndaşın  düşüncə azadlığı, hər bir fərdin probleminə düzgün yanaşması, insanı sevib qoruması cəmiyyətin özünü dərki, gələcək inkişafının portretidir. Kosmetik gözəlləşən, lakin daxili xəstəliyini, qüsurlarını ört basdır edən cəmiyyətin sağlam təbii inkişafı mümkün deyil və bu özünü onun real həyatdan uzaqlaşma, özünəqapanma və  çərçivələrlə buxovlanmış təzahürlərini biruzə verir. Bu hal insanın cəmiyyətdə azad, sivil, mədəni, psixoloji hazırlıqlı, yardımlaşmağa meylli olan insan faktorunu sıxışdıraraq sıradan çıxarır. Eyni zamanda öz hüquqlarını tanımayan, özünü müdafiə etmək əzmini itirmiş əlamətləri ilə cəmiyyətin “autizm”  keyfiyyətlərini formalaşdırmış olur. Bu, autizmli doğulan bir körpənin ailədə daim diqqətdə saxlanması, nizama cəlb olunması, davranışlarına nəzarət edərək yardımlaşma, hümanist münasibətlər əsasında aktiv həyat fəaliyyətinə bərpasına bənzəyir. Cəmiyyət o zaman azad və xoşbəxt, sağlam olacaq ki, məhdudiyyətləri ilə seçilən insanlara qayğı və diqqətini artıracaq. Ailə məhdudiyyətli doğulan övladına görə psixoloji xəstə düşməyəcək, cəmiyyətin ona olan isti münasibəti ona övladının başqalarından fərqləndiyini hiss etdirməyəcək

Bəs, fiziki, psixoloji və sosial məhdudiyyəti olan vətəndaşın cəmiyyətə düzgün transferi, qorunması, gələcəyə hazırlanması naminə vətəndaş və vətəndaş cəmiyyətləri institutlarının gördüyü işlər nə dərəcədə nizamlı, düzgün və qaneedicidir?

Bu və ya digər məsələlərlə bağlı “Üç nöqtə”yə müsahibə verən Autizm Defektoloji və Psixoloji Yardım İctimai Birliyinin sədri Çiçək Məmmədli çox maraqlı nüanslara diqqət çəkib. Onun sözlərinə görə, dövlət bu sahədə xüsusi proqram işləyib hazırlayıb. Autizmli uşaqların rəsmi statistikası aparılır. Onlar üçün xüsusi məktəb, reabilitasiya mərkəzləri, Qaynaşım okulu-inklüziv məktəbləri  mövcuddur. Bu uşaqları reabilitasiya mərkəzlərinə və məktəblərə aparıb gətirmək üçün dövlət səviyyəsində ödənişsiz nəqliyyat ayrılıb. Düzdür, sertifikatlaşmış dövlət nəzarəti olan özəl Mərkəzlər də mövcuddur.  Bu məktəblərdə də bu uşaqların sağlamlığının qayğısına yüksək səviyyədə diqqət yetirilir. Autizmli uşağa baxan daimi onunla məşğul olmağa məcbur olan ya ana, ya ata xüsusi müavinət alır.

Autizm haqqında dövlət yeni proqramlar tərtib edilməlidir.  Bu sahəni gəlir mənbəyinə çevirmək istəyənlərə qarşı ciddi addımlar atılmalıdır. Onların autuzmli övladı yoxdur ona görə bu problemin digər daha mütərəqqi tərəfini görə bilmirlər. Amma cəmiyyət bu cür zehniyyətsiz yanaşma ilə inkişaf edə bilməz. Bax,  mənim qarşımdakı ən böyük baryer budur. Bəzi məmurlar tərəfindən qarşımıza qoyulan məqsədə çatmaq üçün görəcəyimiz işlərə mane olmaq istəyən məmurlar olur. Məsələn, 2008 - ci ildə balaca mərkəzin tikilməsinə torpaq sahəsinin ayrılması üçün Bakı Şəhəri İcra Hakimiyyətinə 500 valideynin imzası ilə müraciətlər edirik. Hər dəfə mənfi cavab alırıq. Niyə, İcra hakimiyyəti öz vətəndaşına bu cür biganə qalır. Deyim ki, həmin 500 imza imkansız valideynlərə aiddir. Bilirsiniz, autizmli uşaq imkansız ailəyə də qismət ola bilir, məmur ailəsinə də. Məmurun səsi çıxmır, çünki bahalı təlimlər ona çətin deyil. Mən burdan Mehriban xanım Əliyevaya müraciət etmək istərdim. Bilirik ki, Mehriban xanım autizmli uşağların reablitasiya keçdiyi bir çox Mərkəzlərə böyük maddi-mənəvi yardımlar edir. Amma həmin Mərkəzləri hansısa məmur yaradıb və orda məmurun öz uşağı da var. O Mərkəzə bir uşağın girişinin aylığı 1500 AZN-dir. Kasıb o qapını döyə bilmir. Orda ancaq məmurun səsi eşidilir və  əli çatır...Bunlar faktlardır....

Mən Mehriban xanıma kasıb ailələrin səsini çatdırmaq istəyirəm. Bütün kateqoriyalardan olan ailələrdə doğulan autist uşaqların reabilitasiya olunması üçün Mərkəzlərin yaradılmasına köməklik edin. Elə bir Mərkəzlər olsun ki, ora aya 1500 manat ödəyə bilməyən imkansızlar da daxil ola bilsinlər. Hansı ki, burada bütün autist uşaqların cəmiyyətə adaptasiyası mümkün olsun.

Mən hər zaman imkansız autizmli övladı olan ailələrə yardım etmişəm. Öz evimi təmənnasız olaraq Mərkəz etmişəm. Son zamanlar evim qəzalı vəziyyətə düşüb. İki övladım autizmdən əziyyət çəkir. Yoldaşım ruhi xəstədir. Darısqallıq ev şəraiti bu iş üçün əlverişli deyil. Ona görə evimin yanında olan boş torpaq sahəsində belə bir Mərkəzin qurulması layihəsini hazırlamışıq. Layihə çəkilən zaman mütəxəssis rəyləri nəzərə alınıb. Sadəcə tikmək üçün maddi imkanımız çatmır.

- Hazırda vətəndaş cəmiyyətinə, insanlara töhvə verə biləcək hansı layihələrin üzərində işləyirsiniz və bu layihələrlə cəmiyyətə verə biləcəyiniz töhvələr nə ola bilər?
- Hazırda çox böyük bir layihə üzərində işləyirəm. Qismən reabilitasiya olunmuş autizmli uşaqlar üçün iş mərkəzi yaratmaq istəyirəm. Layihənin eskizi də çəkilib və yerli İcra hakimiyyəti tərəfindən təsdiq edilib. Sadəcə Bakı Şəhəri İcra hakimiyyətində ilişib qalıb. Bir sıra tikinti şirkətlərinə də müraciət etmişəm. Düşünürəm ki, bu yetkinlik yaşına çatmış autizmli uşaqlara ailələrə  çox böyük dəstək olacaq. Bu model bir sira xarici ölkələrdə də mövcuddur.

Yaxın zamanlarda Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dəstək Şurasının maliyyə dəstəyi ilə autizmli övladı olan valideynlər üçün çox dəyərli vəsait olan "Autizmə neçə qalib gəlmək olar? adlı vəsait çap edilib yayımlanacaq.
Təşkilatımız indiyə qədər bir sira autizm maarifləndırilməsı haqqında vəsaitlər çap edərək yayımlayıb. İctimai Birliyimizin xüsusi orqanı olan "Autizm" qəzetinin yeni sayı da çapa hazırlanır. Qəzet bir neçə regionlara və Bakıda pulsuz olaraq yayılır.

- Autizmli insanların Sivil Vətəndaş Cəmiyyətinin qurulması prosesində “xəstəlik” kimi qarşıda maneə olmaması üçün dövlət, ictimai təşkilatlar, insanlar nə etməlidir, hansı addımlar atılmalıdır?
- Autizmli xəstələrin sosiallaşması cəmiyyətə inteqrasiya etməsi üçün hər bir cəmiyyət üzvü əlindən gələni etməlidir. İctimai təşkilatlar təlimdən kənarda qalan autizmli uşaqlara yardım etmək məqsədi ilə yeni proyektlər hazırlayıb həyata keçirməlidir. Yerli Bələdiyyələr bu sahədə tədbirlər həyata keçirməlidir. Ən həyəcan doğuran fakt autizmin artım sürətidir. 2013 cü ildə ölkəmiz artım sürətinə görə 3-cü yerdə dayanmışdır. Ona görədə vaxtaşırı maarifləndirici tədbirlər  təşkil etmək lazımdır. Gənc valideynlərin məlumatlı olması və erkən müdaxiləyə üstünlük verməsı çox vacibdir.

Tahirə Qafarlı

Xəbər xətti