“Gəlin hamımız birləşək, ailəmizə övladımıza olan sevgini dövlətimizə vətənimizə də yönəldək”

17:28 - 22 İyun 2020 - KİVDF

“Xarici ölkələrdə keçirdiyimiz tədbirlərin hər birində diaspora təşkilatları da iştirak edirlər”

“Biz Qarabağ münaqişəsi ilə bağlı 100-lərlə layihələri maliyyələşdirmişik. Burda təbii ki, məqsəd Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün aparılan ardıcıl işlərə ictimai dəstəyin verilməsi, daha çox xarici tərəfdaşlar toplamaq, bu sahədə beynəlxalq QHT həmrəyliyinə nail olmaq, eyni zamanda Azərbaycan həqiqətlərini xarici media qurumlarına, QHT vasitəsi ilə beynəlxalq təşkilatlara çatdırmaq,  əsir və girovluqda olan soydaşlarımızın hüquqlarının qorunması ilə bağlı işlər aparmaqdır.

Eləcə də, əsas məqsəd Xocalı Soyqırımının tanıdılması istiqamətində Heydər Əliyev Fondunun apardığı çoxsaylı fəaliyyətə dəstək durub, Qarabağ mövzusunda ayrı-ayrı ölkələrdə konfranslar təşkil etməklə daim Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsini gündəmdə saxlamaqdır. Bizim Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə birgə 20-də çox layihəmiz var və bu il həyata keçirilməli idi. Pandemiya ilə əlaqədar olaraq ölkələrarası əlaqələr kəsildiyinə görə həmin layihələrin icrası bir qədər yubanır. İlin sonuna qədər sərhədlər açılsa, bizim QHT- lərimiz ötən illərdə olduğu kimi Avropanın ölkə və şəhərlərində bununla bağlı tədbirlər aparacaqlar”.  Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov deyib. Onun sözlərinə görə, bu prosesdə televiziyalarla əməkdaşlıq da çox önəmlidir. “Əlbəttə, burada televiziyaların da üzərinə böyük yük düşür. 

Televiziyalarda daim Qarabağla bağlı hansısa veriliş, çağırışları,  müzakirələri görürük. Bu, təbii ki, davamlı və hər gün gündəmdə olmalıdır. Televiziyalarımız vətəndaş cəmiyyətlərini cəlb etməklə belə müzakirələri davam etməlidirlər. Cənab Prezident regionlara olan sonuncu səfərlərində ictimaiyyətə bu mesajı verdi ki,  ölkəmizin tarixi ərazilərinin adlarının dəyişdirilməsi ilə bağlı məsələlər ictimailəşdirilməlidir, onlar kitabçalar halında çap olunmalıdır. Şura artıq bu istiqamətdə  müəyyən işlər görüb. İndiki Ermənistanın yerləşdiyi əzəli Azərbaycan torpaqlarında yer adlarının dəyişdirilməsi ilə bağlı kitabçalar çap edib. Orada Azərbaycan rayonlarının, yerlərinin əvvəlki, bugünkü adı, tarixi Azərbaycan adlarının dəyişdirilərək erməniləşdirilməsi ilə bağlı faktlar öz əksini tapır. Hesab edirəm  ki, televiziyalarda bununla bağlı müzakirələr təşkil olunmalıdır.  Bizim tarixi torpaqlarımızın yer adları, onların mənaları  haqqında müəyyən faktlar ölkə ictimaiyyətinə çatdırılmalıdır.

Ölkə ictimaiyyəti bilməlidir ki, bizim nə qədər rayon və şəhərlərimizin adı erməniləşdirilib. Hətta bəziləri türk adlarını saxlamaqla, ona müəyyən hərfləri artırıb erməni toponimləri kimi təqdim edirlər. Ona görə də bu bizim günümüzün, fəaliyyətimizin əsas mövzusu olmalıdır. Bir an belə bunu unutmamalıyıq. Bizim qarşımızda çox məkrli, vandal bir düşmən dayanır. Biz bunlarla qonşuluq etməyə məhkumuq. Amma təbii ki, düşmənə öz yerini də göstərməliyik və bunu hansı yolla olursa-olsun mütləq etməliyik. Bu problemi gələcək nəslə buraxmaq olmaz. İndiki gücümüzlə, informasiyanın, texnologiyanın inkişaf etdiyi bir dövrdə biz bu problemi gələcəyə daşıya bilmərik. Biz ən azı öz gələcəyimiz, şəcərələrimiz üçün narahat olmalıyıq. Ölkəmizin gələcəyi üçün narahat olmalıyıq. Ona görə də  bütün xalqımız, vətəndaş cəmiyyətləri təşkilatları dövlətin ətrafında  səfərbər olmalı, vahid bir mövqedən çıxış edərək öz fikrimizi bütün dünyaya çatdırmalıyıq və təbii ki, qələbə əldə etməyimiz üçün hər an döyüşə hazır olmalıyıq.

“Gəlin hamımız birləşək, ailəmizə övladımıza olan sevgini dövlətimizə vətənimizə də yönəldək” 

- Azərbaycan insanı, cəmiyyət olaraq dövlət sevgisini digər sevgilərdən, hətta ana, övlad sevgisindən də önə çəkə bilmişikmi? Cəmiyyətə bu hissi aşılamaq üçün aparılan təbliğat, maarifləndirmə işlərini necə dəyərləndirərdiniz?
- Bir az öncə də sevgidən danışdıq. İnsan onu əhatə edənlərə sevgi bəsləməlidir.  Çünki özü də sevgidən yaranan bir varlıqdır. Amma insanın daxili aləmi, fizioloji quruluşu o qədər mürəkkəbdir ki, sevgidən yarandığı halda onda nifrəti formalaşıb. Sevgidən yaranan insan sevgiyə aid olmayan çox əcaib işlərlə məşğul olur. Əgər insan övladına, ailəsinə bəslədiyi sevgisini vətənə də bəsləsə, cənnət bir mühit əldə edərik. Ona görə də gəlin hamımız birləşək, ailəmizə övladımıza olan sevgini dövlətimizə vətənimizə də yönəldək.
- Dövlətin inkişafı sağlam ruhda inkişaf edən vətəndaşın, bu istiqamətdə fəaliyyət göstərən vətəndaş cəmiyyətlərinin birliyi və onların şəffaf fəaliyyətindən keçir.  QHT –lərə Dəstək Şurası olaraq sizin də öhdənizə məsuliyyət düşür. Cəmiyyətin bu proseslərdə koordinasiya olunması təbii ki, müəyyən  maliyyə vəsaiti tələb edir.  Bu işlərin həyata keçirilməsi üçün sizə ayrılan maliyyə vəsaiti nə dərəcədə yetərlidir. Qarşınızda hansı maneələr var?
- Dövlətimiz 2008-ci ildən bu vaxta qədər  qeyri - hökumət təşkilatlarının dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən təşəbbüslərinin dəstəklənməsinə maliyyə yardımı ayırır. Bunu ilbəil, imkanı daxilində artırmağa çalışır. Əlbəttə ki, ölkə QHT-lərinin əsas maliyyə mənbəyi Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasıdır. Ən birinci donor da məhz Şuradır. Təbii ki, ölkədə QHT-lərin sayı ilbəil artır. Hər il çoxlu sayda yeni QHT-lər yaranır, eyni zamanda bizim ölkəmizdə formalaşmış, böyük ictimai əhəmiyyəti, çox faydalı fəaliyyətləri olan qocaman təşkilatlarımız da çoxdur. Belə olan halda maliyyənin daha səmərəli istifadə olunması, uzunmüddətli, davamlı, dayanıqlı ictimai fəaliyyətin dəstəklənməsi üçün daha çox maliyyə vəsaiti tələb olunur. Bu gün Şura dövlətimizin ayırdığı imkanlar çərçivəsində  bütün sadalanan məsələləri həll etməyə çalışır. Mövcud imkanlar daxilində QHT-lərin potensialının tam şəkildə səfərbər etmək üçün bütün zəruri addımlara əl atırıq. Bizim üçün xoş olan odur ki,  QHT-lər onlara verilən vəsaitdən qat-qat çox işlər görürlər. Onlar məhz könüllü təşəbbüslərinə üstünlük verərək özlərinin şəxsi əlaqələrini cəmləməklə daha yaxşı işlərə imza atırlar. Əlbəttə,  biz də arzu edərdik ki, gələcəkdə ictimai faydalılığı olan təşkilatları müəyyənləşdirək, onlara davamlı fəaliyyət üçün daha böyük qrantlar təqdim edək. Bu istiqamətdə müəyyən düşüncələr var və artıq Şura bir sıra  addımlar atmağa başlayıb. Amma biz vəsaiti bəhanə edib əsas missiyamızdan kənarda qala bilmərik. Elə fəaliyyət var ki, vəsaiti düşünmədən də o işi görmək olar. Dövlətə, vətənə sevgi, milli maraqların sosial şəbəkədə təbliğinə vəsait lazım deyil.  Buna  yalnız istək, vətəndaş sevgisi, vətəndaş təşəbbüsü lazımdır ki, QHT-lər də bunu edirlər. Bəli, dövlətimizin inkanları genişləndikcə Şuraya ayrılan maliyyə vəsaitinin də artırılması mümkündür.

- Vətəndaş cəmiyyətləri institutlarının diasporalarla əməkdaşlıq fəaliyyətini nə dərəcədə yetərli hesab edirsiniz?
- Xarici ölkələrdə keçirdiyimiz tədbirlərin hər birində diaspora təşkilatları da iştirak edirlər. Onlar yerli QHT-lərin xarici ölkələrdə keçirdiyi tədbirlərin təşkilinə dəstək verirlər. Şura QHT-lərin Dövlət qurumları ilə əməkdaşlığının yeni modelinin qurulması üçün bu il çox mühüm addımlar atıb. Dövlət qurumları ilə birgə Qrant müsabiqəsi elan etməklə, ixtisaslaşmış QHT-lər dövlət qurumları ilə əlaqələrinin daha da möhkəmlənməsi, yaxınlaşması istiqamətində mühüm bir addım atıb. Bizim Şura iyun ayının 2-də daha 7 qrant müsabiqəsi elan etdi. Həmin müsabiqələrdə ölkəmizin milli maraqlarının xarici ölkələrdə təbliğində diaspor təşkilatları ilə əməkdaşlığı özündə ehtiva edən mövzular qoyulub. Bu yöndə gələcəkdə  layihələrin maliyyələşdirilməsi nəzərdə  tutulur.

- Xaricdə yaşayan azərbaycanlıların bir donor olaraq, ölkəmizin dünyada təbliğatına cəlb olunması prosesində hansı əsas məqamlar diqqəti çəkir?
 - Xaricdə yaşayan azərbaycanlıların donorçuluq fəaliyyətinə cəlb olunması ilə bağlı məsələ ilk növbədə onların öz təşəbbüsü əsasında olmalıdır. Çünki burda biznes qurumlarının korporativ sosial məsuliyyəti  məhz biznes mədəniyyətindən irəli gəlir.  Dünyanın heç bir yerində korporativ sosial məsuliyyət qanunla tənzimlənmir. Bu bir biznes mədəniyyətidir, biznes şirkətinin ya özfəaliyyət sahəsinə, ya da təmsil olduğu xalqa, millətə dövlətə sevgisindən irəli gələn səbəbdir. Ona görə də biznes şirkətlərimiz soydaşlarımız korporativ sosial məsuliyyətdən irəli gələrək daima öz  cəmiyyətinə, dövlətinə yardım göstərməlidir və bu da sırf vətəndaş təşəbbüsü, dövlətə millətə sevgidən irəli gəlməlidir. Bunu tənzimləyən qanuni əsas yoxdur.

“Onun arxasında dayanan vəsait əlbəttə ki, xarici kəşfiyyatın maliyyəsidir”
- Fərasət müəllim, xarici donorlar tərəfindən maliyyələşən bəzi qurumlar vasitəsi ilə ölkəmizə qarşı olan xarici təsirlərdən hər zaman danışılıb. Və bu prosesdə xüsusilə QHT-lərdən istifadə hallarının olması məsələsi önə çəkilib. İndi vəziyyət necədir?

- Belə hallar bütün dövrlərdə olub. Eyni zamanda da bəzi xarici fondların şübhəli fəaliyyəti və Azərbaycanda ayrı-ayrı QHT qruplarının formalaşdırılması təşəbbüsləri daim olub.  Bu gün də xaricdə yaşayan bəzi azərbaycanlılar ölkəmizin milli maraqlarına qarşı ciddi çağırışlar edirlər, ayrı-ayrı bölgələrimizi, vətəndaşlarımızı təhqir edirlər. Əxlaqsız ifadələr işlətməklə, ölkəmizə qarşı informasiya təxribatı aparırlar. Bu yolverilməz haldır və onun arxasında dayanan vəsait əlbəttə ki, xarici kəşfiyyatın maliyyəsidir. Biz toplum olaraq, cəmiyyət olaraq, dövlət olaraq  belə məsələlərdə ayaq, sayaq olmalıyıq. Həmin insanların hansı mənbədən maliyyələşməsini nəzərdən keçirtməliyik. Bilməliyik ki, onların mahiyyəti birdir: Azərbaycanın ərazi bütövlüyünə ziyan vurmaq,  müstəqilliyin əsaslarımı sarsıtmaq, cəmiyyət, dövlət arasında olan münasibətlərə kölgə salmaq. Təbii ki, ictimaiyyət bu şəxslərin çirkin niyyətini doğru  düzün dərk edir, heç də onların bu xəyanətkar pozucu fəaliyyətinə inanmırlar.


Tahirə Qafarlı

Xəbər xətti