“Sabaha inamla baxmaq üçün yeni ideyalar üzərində düşünmək lazımdır”

17:27 - 17 İyun 2020 - KİVDF

Fərasət Qurbanov: “İctimai nəzarət mədəni, sivil, qanuni qaydada olmalıdır”

 Biz rahat yaşamağa, sərbəst hərəkət etməyə vərdiş etmiş insanlarıq. Bizim içimizdə hər sahədə çalışan adamlar var. Fəaliyyətin məhdudlaşması, insanın özünün daxili dünyasını, hisslərini biruzə verə bilməməsi, onu realizə edə bilməməsi avtomatik psixoloji problemlər yaradır. Təbii ki, psixoloji problemlərin yarandığı bu dövrdə ruhdan düşmək olmaz, vəziyyəti ciddi təhlil etmək lazımdır. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov deyib.  Onun sözlərinə görə, belə vəziyyətlərdə psixoloji cəhətdən özünü ələ almaq imkanına malik deyil.

Hətta bizim ali təhsil almış insanlarımızın içərisində də psixoloji gərginlik yaradan bu duruma panik reaksiya verən insanlar olur. Onlar adi hallarda müəyyən sərt rəftar nümayiş etdirirlər. Psixoloji durumun insanlarda arzu olunan səviyyədə tənzimlənməsi mümkün deyil. Belə olan halda biz insanlarımıza, dövlətimizə dəstək olmalıyıq. Burada medianın üzərinə çox böyük yük düşür. Təbii ki, media qurumlarında olan dostlarıma təşəkkür edirəm ki, onlar təkcə pandemiya ilə bağlı məsələləri şərh etmirlər, Qarabağ məsələsini gündəmdə saxlayır, ölkəmizin milli maraqlarını təbliğ edirlər. Əlbəttə biz tam şəkildə pandemiyaya köklənə bilmərik.

Pandemiya bu gün bizə “evdə qalmağı ” tövsiyə edirsə, biz evdə qalmaqla öz işimizlə, fəaliyyətimizlə məşğul olmalıyıq. Yazıçıyıqsa yazımızı yazaq, dövlət qurumunda çalışırıqsa Baş Nazirin qərarı ilə məzuniyyətdə qalmağı bəhanə edib fəaliyyətsiz qalmamalıyıq. Şura 45 gün müddətində 24 tədbir keçirdi.  Biz öz məsuliyyətimizi hiss edərək toparlandıq.  Biz bilirik ki, biz böyük bir ictimai sektorun ictimai dəstəyini təmin edirik. Bu halda kənarda qala bilmərik. Bu gün tam onlaynla çalışırıq. Bu günlərdə vətəndaşlara çağırışlarla bağlı xahişimiz oldu. Bunu ilk növbədə özümüz etdik, sonra isə digər QHT-ləri də bu çağırışlara qoşulmağa səslədik. Bu çağırışın sırf mahiyyəti vətəndaş mənafeyinə xidmətdir, vətəndaşımızın sağlamlığı, dövlətimizin qorunmasıdır. 

Sevinirəm ki, bu gün çoxsaylı QHT-lər, vətəndaşlarımız Şuranın “evdəyəm” kampaniyasına qoşulub. Çox sevindirici haldır ki, insanlarımız yavaş-yavaş maskaya alışırlar. Əvvəl bunu qəbul etmirdilər. Sürücülərimiz təhlükəsizlik kəmərlərinə gec adaptasiya olunsa da, indi hamı təhlükəsizlik kəməri taxır. Maşına oturanda sürücü kəməri taxmırsa, özünü diskonfort hiss edirsən. Maskaya da münasibət dəyişib. Son günlərə nəzər salsaq, insanlarımız  marketlərdə, əhalinin kütləvi hərəkət etdiyi yerlərdə bu qaydalara əməl edirlər.

- Fərasət müəllim, sanki pandemiya cəmiyyətin müəyyən ictimai davranış qaydaları ilə bağlı mümkün olan bütün neqativlərə güzgü tutdu. Məlumdur ki, pandemiya ötüb keçəcək.  Sizcə bu dövr, insanların psixologiyasında, fəaliyyətində mövcud olan neqativləri aradan qaldırmaq üçün hansı təsirini göstərəcək?
- Bu məsələdə vahid bir ictimai fikri ifadə edən mövqe nümayiş etdirmək çox çətindir. Lakin hesab edirəm ki, insanlar həyatlarını necə yenidən qurmaları barədə  düşünməlidirlər. İnsanlar dövlətə, cəmiyyətə, bir-birilərinə qarşı münasibətlər haqqında yenidən düşünməlidirlər. Adi bir misalı deyim, cəmi ikicə gün evdə qalmaq tövsiyə olunduğu halda insanlar marketlərdə nələr etmədilər, nə qədər ərzaq aldılar. Çörək üstündə bir-birinə  necə davranış göstərdilər. Görəsən, marketdən 5 çörəyi “dartıb” aparan həmin o şəxs onu evində yeyəndə, əl uzadıb 1 çörək belə götürə bilməyən insan haqqında düşünürmü? Hesab edirəm ki, xalq, toplum olaraq bizim bir-birimizə münasibətimiz dəyişməlidir.  İnsanlarda sevgi hissləri artmalıdır. Burda söhbət  insana vətənə, dövlətə, dövlət əmlakına sevgidən gedir.  Bütövlükdə  həyat sevginin üzərində qurulub. İnsanlar bunun haqqında düşünməlidir.

- Dediyiniz belə neqativ hallara baxsaq, deməli cəmiyyətdə sivil düşüncə, psixoloji tarazlıq öz yerində deyil. Demək, cəmiyyət buna hazırlanmalıdır, amma necə? Bu istiqamətdə vətəndaş cəmiyyəti institutlarının üzərinə hansı məsuliyyət yükü düşür? 
- Burada vətəndaş cəmiyyətləri və medianın üzərinə çox  böyük iş düşür. Məsələn, hər bir ölkə özünün tarixi, mədəni, ictimai həyatı ilə bağlı  filmlər hazırlayır. Həmin filmlərdə, aktyorlar, rolu oynayan şəxslər qrim olunur, daim gözəl  göstərilirlər. Tutaq ki, Hindistan filmlərində daim süfrə mədəniyyətinin, adət-ənənələrin zənginliyini göstərirlər. Bu o demək deyil ki, həmin ölkənin bütün əhalisi eyni cür süfrə mədəniyyətinə sahibdir. Xeyir, sadəcə media, televiziya, öz millətinin ən gözəl tərəfini göstərir. Bax bizim mediamız, televiziya, filmlərimiz də bizim mənsub olduğumuz ən gözəl cizgiləri göstərməlidir. Bu insanları o mədəniyyətə çatmağa stimullaşdırır, digər  xalqlar da məhz həmin məlumatlara əsaslanırlar. Yəni burda medianın böyük   rolu var. Biz vətəndaş cəmiyyətlərinin, QHT-lərin işi isə  mütəmadi olaraq insanlarımızda ülvi hissləri yaşatmaqdır. Biz  Vətənə, dövlətə məhəbbət, birlik, qarşılıqlı yardımlar, milli maraqların qorunması,  torpaqların azad  olunmasında gənclərimizin vətənpərvərlik hisslərinin ruhlandırılması  və digər bu kimi məsələlərdə olduqca fəal olmalıyıq və əsas amalımız da budur.

- Məlumdur ki, Prezident İlham Əliyev öz çıxışlarında ölkədə ictimai nəzarətin təşkilinin gücləndirilməsini tövsiyə edib. Bu çağırışa uyğun olaraq, gün vətəndaş cəmiyyətləri platformasında bu sahədə görülən işlər nə dərəcədə inkişaf etdirilir?
- Bu gün cənab Prezidentin çağırış etdiyi kimi ictimai nəzarətin təşkili məsələsi əsas yerdə dayanır.  Çox təəssüf ki, ictimai nəzarət lazımı səviyyədə təşkil olunmur.  Şura özü cənab Prezidentin bu çağırışından irəli gələrək bu pandemiya dövründə ictimai nəzarət mexanizmləri və islahatlara dəstək formasında onlayn konfrans keçirdi. Həmin konfransda ictimai dəstəyin forma və mexanizmləri müzakirə olundu. Məlumdur ki, 2013-cü ildə cənab Prezident ictimai iştirakçılıq haqqında qanunu təsdiq edib və həmin qanunda ictimai nəzarətin forma və mexanizmləri aydın göstərilib. Bu, ictimai şuralar, ictimai müzakirələr, dinləmələr, ictimai rəy sorğularının aparılmasıdır ki, ictimai nəzarətin qanuni əsas üzərində qurulmasını tələb edir. Təəssüflə qeyd etməliyəm ki, bəzi QHT-lər ictimai nəzarəti, təhdidlə səhv salırlar. Onlar elə bilirlər ki, bir mikrafonla, yaxud sosial şəbəkə vasitəsi ilə kimisə təhdid etmək, kiminsə haqqında mənfi məlumat yazmaq ictimai nəzarətdir. İctimai nəzarət mədəni, sivil, qanuni qaydada olmalıdır.

Bəli, bunun üçün ictimai dinləmələr təşkil olunmalıdır. Əgər hansısa bir dövlət xidmətindən, hansısa bir sahədən vətəndaşın, ictimai birliyin narazılığı varsa, həmin qurumu dəvət edib ictimai müzakirələr təşkil etmək lazımdır. Eyni zamanda mərkəzi və yerli icra hakimiyyətlərinin yanında ictimai şuralar yaradılmalıdır. Hələlik belə ictimai şuralar 11 mərkəzi icra hakimiyyətinin nəzdində yaradılıb. Bəzən ictimai şuraların yaradılmasında qüsurlara yol verilir. Şəffaf formada  yaradılmayan ictimai şuralar məhz buna görədə  öz missiyalarını düzgün yerinə yetirə bilmirlər. İctimai şuraların, dövlət qurumlarının fəaliyyətinə vətəndaş inamının artırılması üçün şəffaflığın çox böyük rolu var. Mərkəzi İcra hakimiyyəti özünün qəbul etdiyi qərarları  tətbiq etməzdən əvvəl ictimai şuraların rəyini ala bilər. Həmin dövlət qurumunun göstərdiyi xidmətlərlə bağlı ictimai rəyi öyrənmək, ictimai rəyi daha da yaxşılaşdırmaq, ictimai fikri nəzərə almaq üçün bu ictimai şuraların çox böyük rolu var. İctimai Şuralar ictimai nəzarətin ən gözəl institutudur. Cənab Prezidentin bu çağırışının uğurlu şəkildə təmin olunması üçün ictimai şuraları olmayan mərkəzi və yerli icra hakimiyyət orqanları çox qısa zamanda bunu yaratmalıdırlar.

Tahirə Qafarlı

Xəbər xətti