“Bir itkidən ayrılmamış, digəri ilə qarşılaşdım”- Zemfira Əbdülsəmədova

“Ardıcıl rollar oynamağı bacara bilmədim”

“Hər obraz bir insandır. Obrazın pis və yaxşı olmasının bizə heç bir aidiyyatı yoxdur. Biz insan adlandırdığım obrazı müşahidə edirik, ona inanırıq və həmin obrazı səhnədə canlandırırıq. Əgər mən bunu edə biləcəmsə, bu mənim qazancım olacaq. Əks təqdirdə, uğura imza ata bilməyəcəm. Sizə bir şey deyim, dəyişmək daxildən gəlir. Mən bunu hiss edirəm və hiss etdiklərim hərəkətlərimdə, simamda, gözlərimdə öz əksini tapır”. “Üç nöqtə” qəzetinin qonağı aktrisa Zemfira xanım Əbdülsəmədovadır.

-Müsahibəmizə uşaqlığınızla bağlı sualla başlayaq. Zemfira xanım, uşaqlıq illəriniz haqqında nə deyə bilərsiniz?
-1961-ci il mart ayının 15 də Bakıda anadan olmuşam. Ailədə 1 qardaş, 3 bacı olmuşuq. Uşaqlığım qayğısız keçib. Həftə sonları valideynlərim bizi rayonlara aparırdı. Anam bir müddət tibb bacısı, sonralar isə baxçada tərbiyəçi işləyib. O, işdən sonra vaxtını mətbəxdə keçirirdi. Atam da hər zaman əziyyət çəkib. O illərin həsrəti ilə yaşayıram. Bəlkə də, valideynlərimin itkisindən irəli gəlir ki, həmin illərin xoş xatirələrini də çətinliklə danışa bilirəm. Bəzən şirin xatirələr də insanı incidə bilir.

-İstəməzdim, sizi kövrəldim. Amma bir halda ki, sarı simə toxundunuz, belə bir sual vermək istərdim., valideynlərinizi erkən itirmisiniz ?
-On bir ildir, anamı itirmişəm, iyirmi ildir isə atamı. Onların səsi indi də qulağımdadır. Atam qardaşımın toyunu görə bilmədi. Tale adlanan bir yol var ki, hamı ondan keçib getməlidir. Valideyn itkisi nə qədər ağır olsa da, gec-tez hamı bununla qarşılaşır. Görünür, mənim də payıma valideynlərimi tez itirmək düşübmüş. Özüm üçün bir şeyi ayırd etmişəm, valideyn və insanın ustadı heç vaxt unudulmur.

-Düzdür, valideyn qədər insanın əziyyətini çəkən ikinci bir insan onun müəllimi olur. Belə başa düşdüm ki, ustadınızın vəfatı da sizə ağır zərbə olub...
-Deyərdim ki, valideyn həyat verir, müəllim isə yönləndirir. Hüseynağa müəllim anamdan bir il öncə vəfat etdi. Bir itkidən ayrılmamış, digəri ilə qarşılaşdım. Sadəcə, dəhşət idi. Həyatın ardıcıl iki zərbəsi ilə sarsıldım. Hüseynağa müəllimin həyatdan getməyi tək mənə yox, onu tanıyan hər kəsə dağ çəkdi.

-Gəlin, daha qəmli notlarla davam etməyək ki, kövrəlməyəsiniz. Söhbətimizi sənətiniz, bu yolda qazandığınız uğurlarınız barəsində olan fikirlərlə davam etdirək. Aktrisa olmaq qığılcımları nə zaman meydana gəldi?
-Aktrisalığa həvəsim məktəbdən başladı. O həvəs məni pillə-pillə bu yerə gətirib çıxardı. İlk dəfə səhnəni məktəbdə gördüm. Məktəbdə bayram tədbirlərində aparıcılıq edirdim. Şeir müsabiqəsində qalib də olmuşam. Artıq yolum bəlli idi. Məktəbi bitirdikdən sonra sənədlərimi Mədəniyyət və İncəsənət Universitetinə verdim. Atamdan çəkindiyimə görə imtahana gizlincə anamla getmişdik. İmtahan nəticələri açıqlananda, yəni divarda asılan siyahıda adımı görəndə sevincimdən az qaldım ki, qanad açıb uçam. Universitetə daxil olmağımı atama deməli idim. Özümdə cəsarət tapıb söylədim. Atam “Daha etmisiniz” deyərək bizə qarşı çıxmadı. Bəlkə də, mənim sənətə olan sevgimi görüb heç nə demədi. 1978-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirdim. Öz istəyimlə Şəki Dövlət Dram Teatrının aktyor truppasına qatıldım. Daha sonra Bakıya qayıtdım. Paytaxta gəldikdən sonra isə Musiqili Teatrda işə düzəldim. Orada bir müddət çalışdıqdan sonra Hüseynağa müəllimin dəvəti ilə Gənclər Teatrına getdim. Hazırda isə Gənc Tamaşaçılar Teatrının aktrisasıyam.

-Dörd müxtəlif teatrın aktrisası olmaq...
-Daha ətraflı danışım. 1982-ci ildə biz, bir qrup gənc öz xahişimiz üzrə Şəki Dövlət Dram Teatrına təyinat aldıq. Bu teatrın rəhbəri Vaqif müəllim Abbasov idi. Həmin teatrda Hüseynağa müəllimlə tanış olduq. Sənətkarla işləmək yaradıcılığa olan sevgimizi artırdı. Sehrli bir aləmdə idik, sanki. Qastrol səfərləri bir-birini əvəzləyirdi. Burada mən “Cülyetta” “Gülbahar” və bir neçə obrazı canlandırdım. 3 il sonra Bakıya geri dönməli oldum. Onda teatrdan da ayrıldım. Bakıya gəldiyim il Musiqili Komediya Teatrna dəvət aldım. Burada da tamam başqa bir təcrübə keçdim. Nəsibə xanım Zeynalova, Hacıbaba müəllim Bağırov, Siyavuş müəllim Aslan kimi sənətkarlarla tərəf müqabili oldum. Bir müddət sonra bu teatrdan da ayrılıb Gənclər Teatrına gəldim. Bu teatrda çalışdığım 17 il ərzində müxtəlif uğurlu tamaşalarda bir-birindən maraqlı obazlarla tamaşaçıların qarşısına çıxdım. 2006-ci ildə Gənclər Teatrını da tərk etdim. 2015-ci ilədək teatr fəaliyyətinə fasilə verdim. 2015-ci ildən isə Gənc Tamaşaçılar Teatrında çalışıram.

-Müxtəlif teatr kollektivlərinə alışmaq, baş çıxarmaq, özünü təsdiqləmək çətin olmur ki?
-Xeyr, çünki öz işimlə məşğulam. Mənim üçün eyni atmosferdir. Verilən rolu düzgün icra edirsənsə və başqa proseslərlə maraqlanmırsansa, alınır. Mən də çalışıram, aktirsa kimi işimlə məşğul olum. Məşq və tamaşa məni maraqlandırır.

-Teatr yaradıcılığınız kimi filmoqrafiyanız da zəngindir...
-Dəvət aldığım ilk film “Qara Volqa”dır. Bu filmdə bir qadını canlandırırdım. Epizodik rolla başlayan film yaradıcılığım daha sonralar “Yuxu”, “Xoca”, “Pərdə” və digər filmlərlə davam etdi. Eləcə də seriallarda rol aldım. “Pərvanələrin rəqsi”, “Cehizsiz gəlinlər”, “Ögey ana” kimi teleseriallarda müxtəlif obrazları canlandırdım.

-Zemfira xanım, siz başqalaşmağı sevən və bunun öhdəsindən arzu olunan şəkildə gələn aktrisasınız. Bunu necə bacarırsınız?
- Bu Hüseynağa Atakişiyevin sayəsində olub. Ona borcluyam.  Hər obraz bir insandır. Obrazın pis və yaxşı olmasının bizə heç bir aidiyyatı yoxdur. Biz insan adlandırdığım obrazı müşahidə edirik, ona inanırıq və həmin obrazı səhnədə canlandırırıq. Əgər mən bunu edə biləcəmsə, bu mənim qazancım olacaq. Əks təqdirdə, uğura imza ata bilməyəcəm. Sizə bir şey deyim, dəyişmək daxildən gəlir. Mən bunu hiss edirəm və hiss etdiklərim hərəkətlərimdə, simamda, gözlərimdə öz əksini tapır.

-Sual versəm ki, burada özünüzü hansı obrazda hiss edirsiniz, nə cavab verərsiniz?
-Qonağam. Qonaq isə evə gələndə evin ab-havasına uyğunlaşır. Çalışır ki, ev yiyəsini qane etsin. Mən də istəyirəm ki, siz məndən razı qalasınız. Odur ki, özümü qonaq obrazında görürəm.

-Zemfira xanım bu gün özünü xoşbəxt qadın sanırmı ?
-Xoşbəxtlik anlarla olur. Bütövlükdə götürsək, mən uğurlu ailəyə sahibəm. Həyat yoldaşımla Gənclər Teatrında tanış olmuşuq. İlk vaxtlar dost idik. Sonralar dostluq hissləri məhəbbətlə əvəz olundu. Arada qısqanclığı olur, amma eyni sahədə olduğumuza görə məni başa düşür. İki övladım var. Bütün bunların fonunda özümü hardasa xoşbəxt qadın saya bilərəm.

-Bir ara sənətə fasilə verdiniz...
-Bəli, bir ara sənətimə fasilə verdim. Çünki, mütləq şəkildə uşaqların yanında olmalı idim. Onlar üçün vaxt ayırdım. Həm teatr, həm ev işləri mənim üçün çətin olacaqdı. Ona görə də müəyyən zamanımı uşaqlarımın tərbiyəsinə sərf etdim.

-Övladlarınızın sənətinizə münasibəti necədir?
-Deyərdim ki, yaxşıdır. Elə obrazlarım var ki, mənə pərəstiş də edirlər. Övladlarım məni ana kimi sevirlər, lakin aktrisa kimi də başqa bir sevgi göstərirlər. Sənət xanımı olmaq fədakarlıq istəyir. Sənət xanımı olmağı bacarmaq lazımdır. Hətta deyərdim, bacarmaq vacibdir. Sənətdə qalmaq, özünü itirməmək, içini təmiz saxlamaq çətindir. Lakin bunları bacarmaq lazımdır.

-Tanınmış aktrisa olmaq, xoşbəxt ailə... Bunlara sahibsiniz. Mənə bir sual maraqlıdır. Bəs Zemfira xanım bu vaxta qədər nəyə nail olmayıb ?
-Davamlı olaraq bir teatrda qalmağı, ardıcıl rollar oynamağı bacara bilmədim. Əldə edə bilmədiklərim arasında mənə daha çox təsir edən elə budur. Bəlkə də (ani pauza və fikrini tamamlamadan ağlayır)...

-Xahiş edirəm, silin, göz yaşlarınızı. Nurlu simanıza o damlalar yaraşmır. Biz sizi hər zaman gülərüz görmək istəyirik. Ona görə də, gülümsəyin. Gülümsəyin ki, sizi sevənlərin qəlbi fərəhlə dolsun. Dəvətimi qəbul etdiyiniz üçün çox sağolun.
-Çox sağolun. Sizin də üzündən gülüş əksik olmasın. Uğurlar arzulayıram.

Rövşən Tahir

Tarix
7 İyun 2020 [16:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-06-07 16:13:47
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin