“Musiqi həyatımın bir hissəsidir”- Gənc müğənni

Kamil Qədimzadə: “Səmimi bir insanam”

“Sənətdə olmağıma görə ilk növbədə valideynlərimə borcluyam. Onlar olmasaydılar, mən hazırkı Kamil Qədimzadə olmazdım. Üzərimdə əziyyətləri, əməkləri olduqca çoxdur. Daha sonra müəllimlərimə borcluyam. Orta məktəb müəllimlərimə, musiqi müəllimlərimə, Asəf Zeynallıda, Universitetdə olan müəllimlərimə, ən əsası isə Vaqif müəllim Gərəyzadəyə borcluyam”. “Üç nöqtə” qəzetinin qonağı istedadlı müğənni Kamil Qədimzadədir.

-Kamil Qədimzadə bioqrafiyasını necə ifadə edə bilər?
-1993-cü ildə Bakı şəhərində anadan olmuşam. 1999-cu ildə 69 saylı orta məktəbə, 2001-ci ildə isə 32 saylı musiqi məktəbinə getmişəm. 7 il musiqi məktəbində fortepiano və vokal sinfi üzrə təhsil almışam. Musiqi məktəbini bitirdikdən sonra 2008-ci ildə Asəf Zeynallı adına Musiqi kollecinə daxil olmuşam. Orada da təhsilimi fortepiano üzrə almışam. 2015-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universtetinin “Estrada vokal sənəti üzrə” ixtisasına daxil olmuşam. Müəllimim əməkdar incəsənət xadimi Vaqif Gərayzadə olub. Hazırda vokal, jazz, estrada, muğam janrlarında ifa edirəm.

-Musiqi sizin üçün nə deməkdir?
-Musiqi həyatımın bir hissəsidir. O, mənə həyatda qarşıma qoyulmuş bir missiyadır ki, onu yerinə yetirməliyəm. Musiqi həyatımın ritmini quran, məni həvəsləndirən, ruhlandıran, iç dünyamı ifadə edən bir vasitəçidir. Ki, daxili səsimi tamaşaçılara çatdırır. Musiqi mənim üçün elmdir. Musiqi həyata yanaşma tərzimin harmoniyasıdır.

-Vokal, jazz, estrada, muğam janrlarından hansı sizə doğmadır?
-Bu sualınıza belə cavab verim. Təsəvvür edin, mən özüm üçün bir dünya yaratmışam və o dünyanın adı musiqi dünyasıdır. Bu dünyada 4 böyük məmləkətmi deyim, dövlətmi deyim, nə deyim bilmirəm, məkan var. Onların heç birinin mənim üçün fərqi yoxdur. Loru dildə sizə izah etdim. Bu janrların hər birini sevirəm, hər biri mənə doğmadır.

-Peşə uğurlarınızdan danışaq...
-7 yaşımda musiqi məktəbinə daxil olmuşam, 2 il sonra Bakı şəhəri üzrə xor festivalında 1-ci yeri qazanmışam. Xorda solist mən idim bu festivalda. Həmin uğurumda müəllimim Odelya xanımın böyük rolu var idi. Daha sonra fortepiano üzrə festivallarda laureat olmuşam. Asəf Zeynallı adına Musiqi Kollecində oxuyanda isə “Popstar” yarışmasına qatıldım, həmin yarışda finala qədər yüksəldim. Universitetdə oxuduğum dönəmdə dahi bəstəkarların yaradıcılıq gecələrində yer almışam. Bu mənim üçün böyük uğurlardır. 2018-ci ildə Bakı jazz festivalında iştirak edib finala qədər yüksəlmişəm.

-Səhnədə olanda Kamil Qədimzadə...
-İlk olaraq onu deyim ki, real həyatda çox səmimi bir insanam. Bu səmimiyyəti səhnəyə və tamaşaçılara yansıda bilirəm. Daha sonra səhnədə olanda emosiyalarımı bildirirəm. Əslində həyatda da emosional biriyəm. Səhnədə mən həyəcanlı olmuram. Səhnədə mən məsuliyyətliyəm, diqqətliyəm, diqqət yetirməyi bacarıram. Bunu insanlara bildirmirəm, amma diqqətliyəm, hər kəsi və hər şeyi sezirəm. Səhnədə insanları özümə cəlb etmək istəyirəm və buna çalışıram. Səhnədə çox sərbəstəm, mən sərbəst olanda ifa da, performans da gözəl olur. Odur ki, çalışıram, tam psixoloji cəhətdən sərbəst olum. Ümumiyyətlə, bir şeyi bilirəm, səhnə üçün doğulmuşam. Səhnə mənim ünvanımdır.

-Nəyə görə bəzi gənc ifaçılar səhnədə gərgin və həyəcanlıdırlar?
-İfaçının həyəcanlı olması çox vaxt onun hazırsız olmasından irəli gəlir. Lakin bu da var, ifaçının ilk dəfədən səhnədə həyəcanı varsa, 5 il keçsə belə, az da olsa, həyəcanı qalacaq. Bu şüuraltından irəli gəlir. Sənətçinin gərgin olması dediyim kimi bəzi şeylərə hazırlıqlı olmamağından irəli gəlir. Eyni səhnəni bölüşdüyüm bəzi ifaçılara ifa etmədən öncə hərdən sual verəndə ki, necəsiniz? Deyirlər, həyacanlıyıq, hər şey qaydasında deyil. Deməli, həyəcan hardan gəlir? Hər şeyin qaydasında olmamasından.

-Belə bir sual mənə maraqlıdır. Təşkil olunan müsabiqələrdən çox az ifaçılar sənətin ardınca gedir. Bəs nə baş verir ki, yerdə qalan ifaçılar bu sənətlə məşğul olmur. Elə muğam müsabiqəsini nümunə göstərə bilərik ki, orada olan bəzi xanəndələr hazırda nə işlə məşğuldurlar, bilinmir...
-Bu çox normal haldır. Biri var, həvəs, biri var, hobbi, biri də var, sənət, bunlar tamam başqa-başqa şeylərdir. Mən musiqiyə sənət kimi baxıram, hobbi kimi deyil. Yarışmada seçilən ifaçılar ələkdən keçirilib ora çıxarılır. Amma onlardan hansısa sənəti davam etdirir, hansısa yox. Bəzən də elə olur ki, yarışma ifaçını həvəsdən salır. SMS vasitəsilə səs toplamayan ifaçı həvəsdən düşür və sənəti davam etdirmir.

-Kamil bəy, bugün Alim Qasımov, Arif Babayev masştabında yetişən xanəndələr var?
-Düzdür, onların masştapında yetişən xanəndələr çox deyil, amma az da olsa, var. Bugün bir sıra sənətkar xanənlərimiz kimi olmaq istəyən gənclərimiz var ki, çalışırlar. Onu da deyim, bəzi ifaçılar da var ki, təqlidlə yolunu davam etdirməyi qarışdırırlar. Bunlar fərqli-fərqli şeylərdir. Böyük xanənlərimiz var ki, onların formatında olan gənc nəsil yetişir. Lakin dediyim kimi, bu bəzilərində uğurlu alınır, bəzilərində isə yox. Mənə görə, böyük sənətkarlarımızla oxşar cəhətləri olan ifaçılar var.

-Musiqi aləmində belə bir fikir də var ki, qadın səsləri kişi səslərinə uduzur. Təbii ki, istisnalar qaydanı pozmur. Siz nə düşünürsünüz?
-Subyektiv fikrimi deyəcəm, burada “Hansı səs hansı səsə uduzdu, yaxud hansı hansısını uddu?” deyə bir şey yoxdur. Qadının öz xarakterik səsi var, kişinin isə öz xarakterik. Bugün kişi bariton səsə, qadın soprano səsə malikdirsə, bunların bir-biri ilə nə əlaqəsi ola bilər ki? Yaxud harda uduza bilər? Oktava baxımından, ümumiyyətlə, uduzmaq yoxdur, kişi diapazonu tamam başqadır, qadın diapazonu tamam başqa. Sadə bir nümunə deyim, kişi oxuduğu tonaldan qadın əziyyət çəkə-çəkə oxuyur, qadın oxuduğu tonaldan isə kişi əziyyət çəkə-çəkə. Qadın səsləri kişi səslərinə uduzmur. Qadınların ifa etdiyi musiqilər, onların səs rəngləri tamam başqadır. Başqa bir nümunə deyim, dünya populyar jazz musiqisində Ella Fitzgerald və Luis Armstrong duet oxuyublar. Bax bu duetdə qadın ilə kişinin fərqli obrazları var. Bu duetdə heç biri heç birinə uduzmayıb.

-Sənətdə çətinlikləriniz...
-Hər bir sənətçinin çətinliyi olduğu kimi mənim də çətinliklərim olub, olur və təbii ki, bundan sonra da olacaq. Hər çətinliyin arxasında bir uğur dayanır. Bu gün əldə və ya 5 il əvvəl əldə etdiyim uğurların hər biri çətinliklərin nəticəsində olub. Həmin çətinliklər olmasaydı, bu günün uğurları olmayacaqdı, mənə görə. Həyatımda həmişə fikir vermişəm, nəyə ki, asanlıqla nail olmuşam, uğur əldə etməmişəm. Lakin nəyə ki, çətinliklə çatmışam, uğurlu olub.

-Həmkarlarınızdan özünüzə qarşı sənət baxımından hansısa qısqanclıq hiss etmisiniz?
-Təbii ki. Qısqanclıq normal bir haldır. Hər bir uğur əldə etmiş insana qarşı qısqanclıq olur. Ətrafımda belə insanlar var, az da olsa, var. Bəlkə də, çoxdur, mən bilmirəm. Əgər məni kimlərsə qısqanırsa, deməli, uğur əldə etmişəm. Vay o gündən ki, insanı qısqananlar olmasın. Demək o şəxs hansısa bir uğur əldə etməyib. Mənə görə, qısqanclıq psixologiya ilə bağlıdır. Sağlam qısqanclıq olsun, bunu normal qarşılayıram, hətta belə bir halı rəqabət kimi qiymətləndirirəm. Rəqabət olsun, sağlam rəqabət insanları yaxşı işlərə sövq edir. Bir dəfə belə bir status yazmışdım: “Qısqanc insanlar psixoloji xəstə durumunda olan kəslərdir”. Qısqanclığın sonu sıfırdır, nəticəsi sıfırdır.

-İstedad olan yerdə bəzən yaş həddi də aradan qalxır. Yaşlı nəsil belə istedadlı gənci qəbul edir, hətta onunla dostluq da edirlər. Sənətkarlardan sizi dost kimi qəbul edənlər var?
-Var. Sənətdə əldə etdiyim uğurların böyük bir qismi Vaqif müəllimin payına düşür. Vaqif müəllim mənə çox kömək olub, doğma olub, dost olub. Bunları özü də mənə deyib. Müəllimimdir, əzizimdir, ustadımdır, doğmamdır, dəyərli bir insandır mənim üçün. Vaqif müəllim hər zaman mənimlə bölüşməyi bacarıb. Vaqif müəllim uğurlarıma sevinən insandır. Mənə görə əsl müəllim-tələbə münasibəti də budur. Bunu da əlavə edim, bizim aramızda yaş fərqinin olmasına baxmayaq Vaqif müəllim həqiqi mənada dostumdur.

-Amerika müğənnisi Bob Dilan 2016-cı ildə Nobel mükafatına layiq görüldü. Amma mükafatın təqdim olunma mərasiminə qatılmadı. Səbəb isə çox sadə idi. Həmin gün onun tamaşaçılar qarşısında konserti olacaqdı və o, tamaşaçılarını gözlətmək istəməmişdi. Bəs sizcə bizim ifaçılar mükafat naminə tamaşaçını gözlədərlər, ya yox?
-Bu da ifaçının özündən asılıdır. Mənim fikrimi bilmək istəyirsinizsə, gözlətməməlidirlər. Bəlkə də, kimsə gözlədər, amma inanmıram ki, ifaçılarımızın çoxsu gözlədər. Əgər tamaşaçılar ifaçının konsertinə sevərək gəlibsə, mükafatı onlara qurban eləməlisən. Mənə görə, ifaçının mükafatı elə o tamaşaçılar, səhnədir. Tamaşaçıların hər biri ayrı-ayrılıqda sənin mükafatındır. Mən olsam, mükafatı deyil, auditoriyanı seçərdim. Tamaşaçılar mənim üçün əzizdir. İnanmıram ki, hansısa bir ifaçı tamaşaçılarını mükafata görə gözlədər.

-Kamil Qədimzadə sənətdə kimlərə borcludur?
-Bu sənətdə olmağıma görə ilk növbədə valideynlərimə borcluyam. Onlar olmasaydılar, mən hazırkı Kamil Qədimzadə olmazdım. Üzərimdə əziyyətləri, əməkləri olduqca çoxdur. Daha sonra müəllimlərimə borcluyam. Orta məktəb müəllimlərimə, musiqi müəllimlərimə, Asəf Zeynallıda, Universitetdə olan müəllimlərimə, ən əsası isə Vaqif müəllim Gərəyzadəyə borcluyam. Vaqif müəllim sənət həyatımın dönüş nöqtəsidir. 11-12 yaşım olanda onun tələbəsi olmağı arzulayırdım. Nəhayət neçə illərdən sonra onun tələbsi oldum. Hər zaman ona borcluyam.

Rövşən Tahir

Tarix
2 İyun 2020 [14:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-06-02 14:28:16
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin